"Kreativ Gənclər Şəbəkəsi" layihəsi çərçivəsində Bakı şəhərinin ali təhsil müəssisələrində təqdimatlar keçirilib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Kreativ Gənclər Şəbəkəsi" layihəsi davam edir. SİA-nın məlumatına görə, layihə çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində layihənin təqdimatlar təşkil olunub. Təqdimatlar zamanı iştirakçılara "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, Azərbaycan Gənclər Fondu və "Kreativ Gənclər Şəbəkəsi" layihəsi haqqında məlumat verilib. Daha sonra iştirakçılarla Dövlət Proqramı ətrafında fikir mübadiləsi aparılıb. Ümumilikdə 100-dən artıq gəncin iştirak etdiyi təqdimatlarda gənclər tərəfindən Dövlət Proqramına təkliflər səsləndirilib və bu təkliflər üzərində müzakirələr aparılıb. Tədbir zamanı iştirakçılar onlara təqdim olunmuş xüsusi təklif forması vasitəsilə təkliflərini yazılı formada da təqdim etmək imkanı əldə ediblər. Təqdimatlar zamanı fəallığı və kreativliyi ilə seçilən iştirakçılar Respublika Forumunda iştirak hüququ əldə ediblər. Layihə çərçivəsində bir sıra ali təhsil müəssisələrində də təqdimatların həyata keçirilməsi planlaşdırılır.
Məlumat üçün qeyd edək ki, "Kreativ Gənclər Şəbəkəsi" layihəsinin məqsədi paytaxt və regionlardan olan gəncləri peşəkar maraq sahələri üzrə istiqamətləndirərək təlimləndirmək, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində fikir mübadiləsi aparılmasını təmin etmək və kreativ gəncləri üzə çıxarmaqdır. Layihə ərzində gənclər öz maraq dairələri üzrə toplanaraq təlimləndirilir, fəallaşdırılır və öz təşəbbüsləri ilə çıxış etmək imkanını əldə edirlər. Layihə 3 mərhələni əhatə edir: Bakıda, regionlarda keçirilən tədbirlər və Respublika Forumu. Bakı şəhəri üzrə tədbirlər ali təhsil müəssisəsində həyata keçirilir. Layihə Bakı, Lənkəran, Şəki və Gəncə şəhərlərində yaşayan 1000 dən artıq gənci əhatə edir.
Layihə nəticəsində kreativ və fəal gənclər seçiləcək, gənclər arasında "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" ilə bağlı ilkin məlumat formalaşacaq, gənclər tərəfindən Dövlət Proqramının icrası üçün təşəbbüslər söylənəcək və mexanizmlər təklif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB