Bu sərgi çox fərqli olacaq

Bu gün Nizami Gəncəvinin 870 illiyi çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan Respublikası Milli Tarix Muzeyi ilə birgə dahi Azərbaycan şairi Nizami Gəncəvinin və digər Şərq inciləri sayılan əsərlərin orijinal əlyazmalarından ibarət sərgi keçiriləcək.

SİA-nın məlumatına görə, dünyanın 40-dan çox ölkəsindən toplanılmış misilsiz əlyazmaların sərgisi ilk dəfədir keçirilir. 12-ci əsrə aid "İncil", müxtəlif dövrlər və mədəniyyətlərin "Qurani Kərimi", dahi Nizami Gəncəvinin "Xəmsə"-si Hindistan, Misir, İran, Mərkəzi Asiya xalqlarının yazdıqları əlyazmalar və qızıl işləməli illüstrasiyalar daxildir. Sərginin açılışında Amerika Dövlət Departamentinin qadın məsələləri üzrə əlaqələndiricisi Melanne Verveer, Amerika Dövlət Departamentinin Rabitə və İnformasiya Texnologiyaları üzrə əlaqələndiricisi Philip Verveer, ABŞ, Misir, Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirləri və bir sıra rəsmi dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Sərgidən sonra Muzeyin böyük zalında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa müddətdə gördüyü işlərlə bağlı video film nümayiş etdiriləcək və Himayədarlar Şurasının xüsusi qərarı ilə Melanne Verveere dünyada qadın problemlərinin həllində, yoxsul ölkələrdə gənc qızların təhsilləndirilməsi istiqamətindəki misilsiz fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mükafatı ilə təltif olunacaq.

Himayədarlar Şurası adından xüsusi təbrik məktubunda İsgəndəriyyə Kitabxanasının direktoru bildirib: "Böyük tarixə və zənginliyə məxsus Azərbaycan mədəniyyətindən bəhrələnən dahi Nizami Gəncəvi dünya mədəniyyəti və tarixində böyük iz buraxan bir dahidir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi yubiley mərasimlərində olduğum zaman ümummilli lideriniz Heydər Əliyevin qeyd etdiyi kimi onun irsi o qədər misilsizdir ki, Nizami yubileyi hər gün keçirilməlidir. Nizami Gəncəvi bizə miras qoyduğu xəzinə ilə özündən sonra gələn bütün alimlərin, ziyalıların, şairlərin yetişməsində misilsiz ilham mərkəzinə çevrilib. Bundan sonraki 9 əsrdə belə müasir zəmanəmizin dahiləri birləşərək Nizaminin irsini qeyd etməli onu araşdırmalıdırlar. Nizami Azərbaycan xalqının dünyaya bəxş etdiyi ümümbəşəri dahidir və onun irsinə göstərilən qayğıya görə Azərbaycan Respublikası Prezidentinə, Birinci xanımına dərin təşəkkürümüzü bildiririk. Önəmli bir haldır ki, Azərbaycan xalqı dünyaya şərqin ilk qadın şairələrindən biri Məhsəti Gəncəvini və onun öz dövrünün mütərəqqi bir irsini də təqdim edib. Çox sevindiricidir ki, qarşıdan gələn 2013-cü ildə UNESCO çərcivəsində xanım Gəncəvinin 900 illiyini təntənəli qeyd edəcəyik".

Digər ünvanlanmış müraciətdə isə Türkiyə Cümhuriyyətinin sabiq Prezidenti cənab Süleyman Dəmirəl Türk dünyasının ən parlaq şairi olan azərbaycanlı Nizami Gəncəvinin irsinin daima öyrənilməli olduğunu qeyd edib: "Nizami İrsinin yenidən belə təntənəli qeyd olunduğu üçün Azərbaycan hökumətinə və xalqına dərin hörmət və ehtiramımızı bildiririk"

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami Gəncəvi 870 - Şərq İnciləri sərgisi Gəncə şəhər İcra Hakimiyyəti, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Tarix Muzeyinin dəstəyi ilə reallaşmaqla yanaşı noyabrın 20-dən başlayaraq Bişkek, Ankara, İsgəndəriyyə, London, Nyu-York və ümumilikdə 37-dən çox ölkədə nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə