bp-Azerbaijan şirkətinə yeni prezident təyin edilib

bp-Azerbaijan şirkətinə yeni prezident təyin edilib

bp neft şirkətində ilk dəfə olaraq, azərbaycanlı mütəxəssis yüksək vəzifəyə təyin edilmişdir. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, noyabrın 2-də Britaniyanın bp şirkəti Rəşid Cavanşirin Londonda bp-nin strateji və inteqrasiya sektoru üzrə böyük vitse-prezidenti vəzifəsinə təyin olunduğunu elan edib.

Qeyd edək ki, 2009-cu ilin sentyabr ayından bp-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki bölməsinə rəhbərlik edən R.Cavanşir həm də bp-Azerbaijan şirkətinin prezidenti idi.

bp-Azerbaijan şirkətində AzərTAc-a bildirmişlər ki, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsində R.Cavanşiri Qordon Birrell əvəz edəcəkdir. O, öz vəzifələrinin icrasına noyabrın 15-də başlayacaqdır.

Hazırda Q.Birrell bp-nin hasilat bölməsində texniki təhlükəsizliyə və əməliyyat risklərinə nəzarət funksiyalarını yerinə yetirir. Bu vəzifədə o, şirkətin hasilat bölməsində əməliyyatların keyfiyyətinin təkmilləşdirilməsinə cavabdehdir.

bp-nin hasilat üzrə icraçı vitse-prezidenti Bob Frayar qeyd edib ki, R.Cavanşirin Londonda tutacağı mövqe onun zəngin təcrübəsindən bu regionla müqayisədə daha geniş miqyasda - bütövlükdə şirkətin xeyrinə istifadə etməyə imkan verəcəkdir. B.Frayar deyib: "Biz bp-nin Azərbaycandakı biznesinə rəhbərlik etdiyinə görə R.Cavanşirə təşəkkürümüzü bildirmək istərdik".

Onun sözlərinə görə, bp ARDNŞ, Azərbaycan hökuməti və öz tərəfdaşları ilə sıx əməkdaşlıq vasitəsilə regionda uğurlu fəaliyyətini davam etdirmək əzmindədir. B.Frayar deyib: "Bu məqsədimizə nail olmaq üçün biz bundan sonra da işlərimizin təhlükəsiz şəraitdə həyata keçirilməsinə, hasilatı maksimallaşdırmağa və işlərin intensivliyinə diqqət yetirməkdə davam edəcəyik".

B.Frayar bp-Azerbaijanın yeni rəhbəri barədə söz açaraq deyib ki, Q.Birrell təcrübəli rəhbər və bp-nin Azərbaycandakı geoloji kəşfiyyat layihələrində iştirak etmiş bir şəxs kimi burada uğurlu fəaliyyətini davam etdirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə