Əli Əhmədov: "Qanun ona görə yaradılır ki, ona əməl edilsin"

"Əgər bir siyasi təşkilat ölkənin qanunlarını pozursa, o təşkilatın siyasi ambisiyalarını ortaya qoymağa heç bir haqqı yoxdur"
Əli Əhmədov: "Qanun ona görə yaradılır ki, ona əməl edilsin"

Hər bir vətəndaş, o cümlədən siyasi ambisiyalı vətəndaşlar və onların birləşdiyi təşkilatlar qanunlara hörmət etməyi bacarmalıdırlar. Eyni zamanda bütövlükdə öz üzvləri arasında belə bir düşüncənin formalaşması onların məqsədlərindən biri olmalıdır. Belə olan halda qanunsuz aksiya keçirməyə cəhd göstərilməsi qətiyyətlə pislənilməlidir. SİA-nın verdiyi məlumata görə, bunu "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Qanunsuz aksiya keçirməyə cəhd göstərilməsi qanunun pozulmasıdır, deyən Ə.Əhmədov əlavə edib ki, qanunun pozulmasını isə heç bir halda təqdir etmək mümkün deyil. Bu, yalnız pislənilməlidir: "Qanun ona görə yaradılır və ona görə qanun adlandırılır ki, ona əməl edilsin. Əgər qanun pozulacaqsa, ona məhəl qoyulmayacaqsa, o qanunun cəmiyyətdə nə mənası olar, nə də insanlar ondan fayda görər. Əgər bir siyasi təşkilat ölkənin qanunlarına məhəl qoymursa, onu pozursa, mən hesab edirəm ki, o təşkilatın siyasi ambisiyalarını ortaya qoymağa heç bir haqqı yoxdur. Belə olan halda onlar siyasi fəaliyyət göstərmək üçün mənəvi haqlarını da itirirlər. Bu mənada oktyabrın 20-də keçirilməsinə cəhd göstərilən mitinqi mən qətiyyətlə pisləyirəm".

İcra katibi bunun səbəblərini də açıqlayıb: "Bu mitinqin keçirilməsi üçün bəhanə olaraq irəliyə sürülən çağırış da tamamilə absurdluğu ilə insanı təəccübləndirməyə bilməz. Azərbaycanın Konstitusiyasında və digər qanunvericilik aktlarında parlamentin buraxılması mexanizmi nəzərdə tutulmayıb. Heç bir halda Azərbaycanda parlamentin buraxılması mümkün deyil. Belə bir tələbin siyasi partiyalar tərəfindən irəli sürülməsi ya qanunlara hörmətsizlik, ya da qanunlardan bixəbərlikdir. Bunun hansıdırsa, qoy ötən şənbə günü keçirilməsinə cəhd göstərilən mitinqin təşkilatçıları bildirsinlər. Onlar ya ölkə qanunvericiliyini bilmirlər, ya da Konstitusiyanın tələblərinə məhəl qoymaq istəmirlər. Amma qanunsuz aksiya keçirmək cəhdləri ilə çox ehtimal ki, onlar Konstitusiyanın bu tələbinə, sadəcə olaraq, məhəl qoymaq istəmirlər. Bu nöqteyi-nəzərdən, parlamentin buraxılması tələbi ilə aksiyanın keçirilməsi tamamilə mənasız, absurd və qanunazidd hərəkətdir".

Ə.Əhmədov məsələnin siyasi tərəfini də izah edib: "Belə hesab edirəm ki, Azərbaycanda parlamentin buraxılması tələbinin irəli sürülməsi üçün hər hansı bir amil mövcud deyil. Azərbaycanın parlamenti iki il bundan əvvəl seçilib, uğurla fəaliyyət göstərir, öz üzərinə düşən vəzifələri yerinə yetirir. Belə olan halda hansı səbəbə istinad edərək Azərbaycanda parlamentin buraxılması haqqında absurd tələb irəli sürürlər? Bu da məsələnin ikinci tərəfidir.

Bir məqamı da vurğulamaya bilmərəm. Bu da ondan ibarətdir ki, aksiyanın keçirilməsi üçün seçilmiş məkan aksiyanın təşkilatçılarının daha çox hansısa xoşa gəlməyən niyyətlərindən xəbər verir. Fəvvarələr meydanında insanlar, o cümlədən uşaqlar istirahət edirlər, gəzintiyə çıxırlar. Belə bir yerdə bir dəstə xüsusi öyrədilmiş gənclərin səs-küy salması, ora-bura qaçması, asayişi pozmağa cəhd etmələri, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərmələri, təbii ki, bayaq dediyim məqamlardan savayı bir şey deyildir. Onlar hansısa digər məqsədlərə xidmət edirdilər. Görünür, onlar ictimai asayişi pozmaq, ya da ki yenə də Azərbaycandakı sakit, rəvan həyatın üzərinə kölgə sala biləcək bir neçə fotokadrları əldə edib Azərbaycandan kənardakı müvafiq mərkəzlərə ötürmək istəyirlər. Siz əgər mitinqin keçirilməsinə cəhd göstərildiyi yerdə olsaydınız, mənim dediyim sözlərin həqiqət olduğunu gözlərinizlə görə bilərdiniz. Çox cəhdlər göstərirdilər ki, orada onların düşüncəsindən və yaxud onlara sifariş verənlərin nöqteyi-nəzərindən effektli kadrlar alınsın. Ola bilsin ki, bəzi hallarda buna nail oldular və yaxud nail ola bilmədilər. Amma istənilən halda mitinq iştirakçıları çox cəhd göstərirdilər ki, onlara sifariş verən mərkəzləri qane edən kadrlar alınsın".

İcra katibi bəzi təhlükələrdən də danışıb. Xüsusi olaraq qeyd edib ki, siyasi təşkilatın maraqları və istəkləri ölkənin milli maraqları ilə ziddiyyət təşkil edəndə çox ciddi təhlükələrə yol açılır: "Bu ondan xəbər verir ki, həmin yola qədəm qoyan siyasi təşkilatlar özlərinin maraqlarının həyata keçirilməsi naminə dövlətin və xalqın maraqlarını qurban verməyə hazırdırlar. Nəinki qurban verməyə hazırdırlar, hətta bu prosesdə onlar üçün ayrılmış iyrənc bir funksiyanı da yerinə yetirirlər. Nəyə görə bu funksiyanı yerinə yetirdikləri onların öz işidir. Bu barədə çoxlu versiyalar var. Güman edirəm ki, həmin versiyaların meydana gəlməsi heç də əsassız deyil. Amma istənilən halda bu cür qanunsuz, absurd iddialarla kütləvi aksiyaların keçirilməsi üçün yararlı olmayan yerlərdə mitinq keçirmək cəhdlərini qətiyyətlə pisləmək lazımdır. Nəhayət, hər hansı bir siyasi təşkilatın aksiyası əgər insanlar tərəfindən dəstəklənmirsə, bu cür aksiyaları keçirməkdənsə keçirməmək daha faydalıdır. Siyasi aksiya siyasi təşkilatın mövcudluğunun təsdiqi naminə keçirilə bilməz. Siyasi aksiya hər hansı ictimai zərurət olduğu halda, eyni zamanda, ictimai dəstək fonunda özünə haqq qazandırır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müxalifət partiyaları bu fundamental prinsipləri yaxınlarına belə buraxmaq istəmirlər və onlar üçün siyasi aksiyaların keçirilməsi zamanı həlledici dəyərlər, görünür, bayaq haqqında dediyim kadrların əldə edilməsindən savayı bir şey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə