“Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi”

“Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib
“Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi”

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın vətəndaş cəmiyyəti ilə münasibətləri faydalı əməkdaşlıq müstəvisi üzərində qurulub. Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin həm test imtahanı, həm də müsahibə mərhələlərində Komissiyanın dəvəti ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri müşahidəçi kimi iştirak edir. Ümumiyyətlə komissiya keçirdiyi bütün tədbirlərə, o cümlədən də beynəlxalq tədbirlərə vətəndaş cəmiyyəti üzvlərini də dəvət edir. Belə tədbirlər sırasına 2012-ci ilin oktyabr ayında Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə "Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət qulluğunda səmərəliliyin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransı, 2011-ci ilin iyun ayında "Obyektiv işəqəbul vasitəsi ilə dövlət qulluğunda şəffaflığın təmini" mövzusunda keçirilən beynəlxalq dəyirmi masanı və 2012, 2011 və 2010-cu illərdə QHT-lərlə keçirilən üç dəyirmi masanı qeyd etmək olar.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.1-ci bəndində mərkəzi icra hakimiyyəti orqanlarına ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb etmək və ictimai dinləmələr keçirmək tapşırılıb.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Avropa Birliyinin Şərq Tərəfdaşlığı (Tərəfdaşlığın 1-ci Platforması çərçivəsində Dövlət Qulluğunda İslahatlar Paneli: Şəffaflıq, Yaxşı İdarəçilik və Dayanıqlılıq) tərəfindən "Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi" mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Dəyirmi masada Azərbaycanın müxtəlif dövlət orqanlarının (mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları), Dövlət İdarəçilik Akademiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı Ukrayna, Estoniya, Moldova və Gürcüstanın ali təhsil müəssisələrinin və dövlət qulluğu sahəsinə məsul olan qurumlarının nümayəndələri də iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov "Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsinin məqsədləri və problemləri", Estoniya Biznes Məktəbinin rektoru Arno Alman "Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsinin hazırlıq prosesinin sistemləşdirilmiş üsulları", Gürcüstan Dövlət Qulluğu Bürosunun rəhbəri İrakli Koketişvili "Gürcüstanda dövlət qulluğuna dair islahatlar", Moldova Dövlət Kanselyariyasının eksperti Sergey Litvinenko "Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi: Moldova Respublikasının təcrübəsi", Konstitusiya Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli "Normativ hüquqi aktların, onların layihələrinin antikorrupsiya ekspertizası", Ukrayna Dövlət Qulluğunun Avropa İttifaqının Standartlarına Uyğunlaşdırılması Mərkəzinin Dövlət qulluğunda insan resurslarının idarəedilməsi sektorunun müdiri Angela Kukulia "Dövlət qulluğu – dövlətin müasirləşdirilməsi istiqamətində aparılan islahatların əhəmiyyətli hissəsi" və Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə ekspert Nəsib Əhmədov "Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsinin hazırlıq prosesi və xarici ölkələrin təcrübəsinin öyrənilməsi" mövzularında təqdimatlarla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə