Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illiyi qeyd olunub. Tədbir iştirakçıları öncə rayonun mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Bundan sonra bayram tədbiri keçirilib. Qeyd edək ki, tədbirdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, YAP Göygöl rayon təşkilatının sədri və üzvləri iştirak ediblər.
SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Turani Əliyev bildirib ki, 1992-ci ildə Ulu Öndər, böyük siyasi xadim Heydər Əliyev tərəfindən təsis edilən partiya tarixi zərurətdən meydana gəlib: "Ötən əsrin 90-cı illərində baş verən ictimai-siyasi hadisələr, xaos, anarxiya, AXC-Müsavat cütlüyünün səriştəsizliyi Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir zamanda Ulu Öndər Azərbaycanı məhv olmaqdan, dövlətçiliyimizi birdəfəlik itirməkdən qorudu, respublikamızın yeni iqtisadi inkişaf mərhələsinin təməlini qoydu. Nəticə etibarı ilə xalqın ümummilli liderə, onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına inamı artdı. Bu gün bu siyasi kursu layiqincə davam etdirən prezident İlham Əliyev əldə etdiyi tarixi nailiyyətlərlə xalqın YAP-a olan inamını daha da gücləndirir. Artıq qürur hissi ilə deyə bildirək ki, YAP Göygöl rayon təşkilatının 4200-dən artıq üzvü var".
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə son 20 ildə partiyanın fəaliyyət dönəminə nəzər salıb. "Ölkəmizdə xaos hökm sürdüyü bir zamanda vətənini sevən ziyalılar Naxçıvanda yaşayan və işləyən Ulu Öndər Heydər Əliyevə müraciət edərək ondan Azərbaycanın gələcək taleyini həll edəcək yeni bir siyasi qurumun yaradılmasını xahiş etdilər. Xalqın istəyinin əksinə olaraq Bakıda mərkəzi hökumət ulu öndərin bütün siyasi fəaliyyətini əngəlləmək üçün təzyiqlərini, pozuculuq hərəkətlərini davam etdirirdi. Amma Xalq-Heydər Əliyevin vəhdəti bütün əngəlləri aşmağı bacardı. Yeni Azərbaycan Partiyasında birləşən qüvvələr Azərbaycan dövlətinin işıqlı gələcəyini təmin edənlər oldu. 1991-ci ildə ziyalıların xalqın adından ümummilli lider Heydər Əliyevə müraciəti müstəqilliyizin şanlı tarixinin yeni mərhələsidir. Dahi şəxsiyyətin hakimiyyətə gəlişindən sonra Azərbaycan iqtisadi tənəzzüldən tərəqqiyə qədəm qoydu. Sözün həqiqi mənasında ölkənin bütün sferalarında yüksək göstəricilər əldə edildi. Bütün bunlarla yanaşı qürur hissi ilə deməliyik ki, Yeni Azərbaycan Partiyası ölkəmizi müasir şəkildə dünyaya təqdim edir. Partiya beynəlxalq əlaqələrini genişləndirir", - deyə V.Rəhimzadə bildirib.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı dövrün incə məqamlarına toxunub. Baş redaktor Ulu Öndər Heydər Əliyevin tarixə qızıl həriflərlə yazılan bir fikrini tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Dahi siyasi xadim qeyd edib ki, "Müstəqilliyi əldə etmək çətindir, onu qoruyub saxlamaq isə ondan qat-qat çətindir". Bu aforizmi müstəqil Azərbaycanın keçdiyi 20 il də sübut etdi. Ötən əsrin 90-cı illərində - xalqın qanı bahasına qazanılmış müstəqilliyimiz bir qrup səriştəsiz insanın yol verdiyi bağışlanılmaz səhvlər ucbatından itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma Ulu öndərimizin qətiyyətli addımı xalqı və dövlətçiliyimizi baş verə biləcək sonrakı bəlalardan qoruya bildi".
Baş redaktor əlavə edib ki, həmin tarixdən əsası qoyulan dövlət quruculuğu heç də asan proses olmayıb. Bir neçə dəfə dövlət çevrilişinə cəhdlər oldu, lakin bu məqamda da xalqın Heydər Əliyev ətradında sıx birliyi öz sözünü dedi. Azərbaycan Ulu Öndərimizin rəhbərliyi altında yeni-yeni uğurlara imza atdı. İqtisadi, siyasi, mədəni, xarici siyasət sahədə dirçəliş baş verdi. Aparılan islahatlar Yeni Azərbaycan Partiyasının doğru yolda olduğunu, Ümummilli Liderimizin əsasını qoyduğu siyasətin xalqımıza yalnız uğur gətirdiyini sübuta yetirdi. Bu gün Ulu öndərimizin siyasi varisi, Prezident İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqlik nümayiş etdirərək Azərbaycanı yeni-yenu uğurlara aparır. Uzaqgörən siyasət öz bəhrəsini verir. Artıq qətiyyətlə söyləmək olar ki, məhz Heydər Əliyev siyasətinin cənab Prezidentimizin rəhbərliyi altında düzgün istiqamətdə yürüdülməsi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarıb".
Tədbirdə digər natiqlər də partiyanın 20 illik fəaliyyət dönəminə nəzər salıb, öz fikirlərini bildiriblər.
Sonra YAP-ın 20 illiyinə həsr olunmuş bayram konserti təşkil olunub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB