"Münasibətlərimiz bütün sahələrdə genişlənir"

"Münasibətlərimiz bütün sahələrdə genişlənir"

Milli Məclisdə Azərbaycan və Rusiyanın Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın X iclası keçirilib. SİA-nın məlumatına görə, iclası açan Parlamentlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, MM sədrinin müavini Valeh Ələsgərov bildirib ki, Azərbaycanla Rusiya arasında çox yüksək dostluq və əməkdaşlıq əlaqələri var: "Keçirilən müştərək tədbirlər, aparılan müzakirələr münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə təkan verəcək. Əminik ki, Parlamentlərarası Komissiyanın bu iclasında müzakirə olunan məsələlər də siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcək".

Parlamentlərarası Komissiyanın Rusiya tərəfindən həmsədri, Federal Məclisin Federasiya Şurası sədrinin müavini Svetlana Orlova vurğulayıb ki, bu gün ölkələrimiz arasındakı siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əlaqələr inkişaf edir, münasibətlərimiz bütün sahələrdə genişlənir və möhkəmlənir: "Ticarət dövriyyəmiz ilbəil artır. Ən başlıcası odur ki, münasibətlərimiz strateji əməkdaşlıq xarakteri daşıyır. Bakıda, on nəfər Nobel mükafatı laureatının da iştirakı ilə keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışan S.Orlova deyib ki, bu cür mötəbər məclislərdə aparılan müzakirələr, əldə olunan razılaşmalar bizi daha da yaxınlaşdırır".

Rusiyalı həmsədr onu da qeyd edib ki, Prezident İlham Əliyev ilə görüşdə ölkələr arasındakı əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb: "Dövlət başçısı ilə görüşdə əməkdaşlığımızın bütün sahələrdə inkişafının vacibliyi qeyd olunub. İqtisadi, kənd təsərrüfatı, maşınqayırma və innovasiya sahələrində əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların olduğu bildirilib".

Sonra iclas öz işini qapalı şəkildə davam etdirib. İclas başa çatdıqdan sonra komissiyanın həmsədrləri brifinq keçiriblər.

Valeh Ələsgərov çıxışında deyib ki, iclasda ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafına dair məsələlər müzakirə olunub: "İnanırıq ki, bu iclasın nəticələri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək".

Svetlana Orlova isə bildirib ki, komissiyanın işi parlamentlərin fəaliyyətinə təkan verən mühüm elementdir: "Komissiya çox ciddi səylə çalışıb və ikitərəfli əlaqələrə dair mühüm məsələləri müzakirə edib. İclasda təhsil, ticarət dövriyyəsinin artması, miqrasiya, gənclərlər iş və digər sahələrə dair çox açıq və səmimi müzakirələr aparılıb. İki ölkə arasında mövcud olan bəzi bürokratik problemlərin həllində də müsbət nəticələr əldə olunub".

"Bu gün dünyada gedən proseslərlə əlaqədar hər iki ölkənin təhsil sistemində bir sıra islahatlar həyata keçirilir. Eləcə də sərhəd keçid məntəqələrində əhalinin sərbəst hərəkətində bürokratik problemlər yaranır. Komissiya bu məsələləri bir daha nəzərdən keçirib və yaranan problemlərin həllinə kömək məqsədilə müvafiq olaraq həmin sahələr üzrə işçi qrupları yaradılıb. Hər iki ölkənin deputatlarının həmsədrliyi ilə fəaliyyət göstərəcək bu qruplar aidiyyəti üzrə problemləri araşdıracaq, onların həlli ilə bağlı komissiyaya müraciət edəcək. Komissiya da həmin problemin həllinə çalışacaq", deyə Svetlana Orlova əlavə edib.

S.Orlova onu da vurğulayıb ki, komissiyanın iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində Rusiyadan olan iş adamlarının, firma və şirkətlərin qanunsuz fəaliyyəti barədə məsələyə də baxılıb: "Rusiya tərəfi bu məsələni araşdıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə