Millət vəkili: "Fahişəliyin qaydaları müəyyənləşdirilməlidir"

Millət vəkili: "Fahişəliyin qaydaları müəyyənləşdirilməlidir"

"Əvvəlcə fahişəliyin qaydasını müəyyənləşdirmək lazımdır. Yoxsa indi nişanlı oğlanla qızı, bir-birini sevən iki gənci polis şöbəsinə aparırlar. O gənclər də söz-söhbətin çıxmaması üçün nəinki 80 manat, daha çox pul verməyə razılaşırlar. Vətəndaşın üzərinə bu qədər məsuliyyət qoymaq olmaz". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili İqbal Ağazadə Milli Məclisdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yol polislərinin yalandan sürücülərin göstərişə tabe olmamaqda ittiham edəcəkləri və protokol yazacaqları istisna deyil: "Fahişəliyə görə belə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər nəzərdə tutulur".

Millət vəkili onu da vurğulayıb ki, yol polisləri bəzən sürücüləri asanlıqla aldadırlar: "Ona görə də bu kimi məsələlərdə vətəndaşın məsuliyyətinin artırılmasına yönəlik addımların atılmasına çalışmamalıyıq. Savadsız sürücü yalan ittihamların qarşısında nə edəcək?"

Spiker Oqtay Əsədov isə İqbal Ağazadənin bütün sürücüləri savadsız adlandırmasını düzgün saymayıb: "İqbal bəy, siz özünüz də sürücüsünüz. Bütün sürücüləri savadsız adlandırmaq düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə