Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın" (2007-2012-ci illər) icrasından irəli gələrək Azərbaycan Milli QHT Forumunun (MQF) təşəbbüsü, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (NMDK) İşçi Qrupunun və Salyan rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Salyan rayonu İcra Hakimiyyətinin konfrans zalında "Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə QHT-lərin rolunun artırılması" adlı tədbir keçirilib.
QHT Forumundan SİA-ya verilən məlumata görə, tədbirdən öncə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Bakıdan gələn nümayəndə heyəti ilə görüşüb. O, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin Salyan rayonundakı vəziyyəti barədə öz fikirlərini bildirib. Bu istiqamətdə müvafiq tədbirlərin görüldüyünü, bundan sonra da geniş mübarizə aparılacağını, QHT-lərlə geniş əməkdaşlıq edilməsinin vacib olduğunu və QHT-lərin belə tədbirlər keçirməsinin təqdirəlayiq hesab olunduğunu qeyd edib.
Tədbiri giriş sözü ilə açan Salyan RİH başçısının I müavini Etibar Hüseynov qonaqları və tədbir iştirakçılarını salamlayıb, tədbirin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verib. E. Hüseynov qeyd edib ki, Salyan,Yardımlı, Biləsuvar, Lənkəran və digər rayonların ictimaiyyətini narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə cəlb olunmasına QHT-lər tərəfindən təşəbbüs göstərilib.
MQF-nin prezidenti bildirib ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram" (2007-2012-ci illər) uğurla həyata keçirilir və QHT-lər də bu proqramın həyata keçirilməsində aktiv iştirak edir. Geniş ictimaiyyətin bundan sonra da bu bəşəri bəla ilə mübarizəyə cəlb olunması çox vacibdir.
Daha sonra Salyan rayon Polis İdarəsinin rəisi Fuad Məmmədli görülmüş işlərlə əlaqədar məruzə ilə çıxış edib, Bu sahədə hüquq-mühafizə orqanlarının mübarizəni gücləndirdiyini vurğulayıb, bundan sonra da ardıcıl mübarizə aparacaqlarını xüsusilə qeyd edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev NMDK-nın və İşçi Qrupunun fəaliyyəti haqqında Salyan ictimaiyyətinə geniş məlumat verib. Dövlət Proqramlarının bundan sonra da uğurla həyata kecirəcəkləri haqqında fikirlərlərini bildirib və QHT-lər tərəfindən regionlarda belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Daha sonra DİN Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini Adil Ələkbərov məruzə ilə çıxış edərək real vəziyyət, əməliyyat tədbirləri haqqında ictimaiyyəti məlumatlandırıb. Vəziyyətin ağır olduğunu, xüsusilə Cənub bölgəsinin narkotranzit ərazi olduğunu və onun böyük fəsadlar yaratması, həyəcan təbilinin çalmaq lazım olduğunu vurğulayıb. QHT-lərə öz tövsiyyələrini bildirən A.Ələkbərov bu sahədə fəaliyyət göstərən QHT-lərin daha da fəallaşması, məktəblərdə tədbirlərin keçirilməsi və reabilitasiya mərkəzlərinin yaradılması təklifləri ilə çıxış edib. Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə müdiri Baba Salayev, Ailə, Qadın və Uşaq Problemlərinin həlli üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin məsləhətçisi Rahil Süleymanzadə, Narkotiklərə Qarşı Milli Təbliğat İB nümayəndəsi Mehdi Məmmədli çıxış edərək məsələyə öz münasibətlərini bildiriblər.
Tədbirin sonunda MQF-nin prezidenti Rauf Zeyni Salyanda keçirilən konfransı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yeni mərhələ adlandırıb və bir daha tədbirin keçirilməsinə dəstək verənlərə öz minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB