Milli Məclisin bugünkü plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. SİA-nın məlumatına görə, hesabatı deputatlar qarşısında Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov səsləndirib.
O bildirib ki, 2012-ci ilin 10 ayında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 85 fakt aşkar edilib: "Müvafiq dövrdə məcburi əməklə bağlı 2 fakt aşkar edilib. Həmçinin 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulub, beynəlxalq axtarışa verilən şəxslərdən 3-ü saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İnsan alveri cinayətlərinə görə məhkəmələr tərəfindən 10 nəfər 5 ildən 10 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib".
Hesabat dövründə Azərbaycanda insan alverinin müəyyən edilmiş 53 qurbanından 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü isə Rusiya Federasiyasına aparılıb. İnsan alveri qurbanlarından 6 nəfəri ölkə daxilində istismara cəlb olunub. Qurbanlardan 4-ü təhsilsiz (7,4 faiz), 4-ü natamam orta (7,4 faiz), 45-i orta təhsilli (84,9 faiz), 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayan olub: "Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə məruz qalan şəxslər üçün bu gün yalnız mənbə ölkəsidir və son 2 ildə digər dövlətlərdən olan şəxslərin respublikanın ərazisindən tranzitlə keçirilməsi və ya insan alveri məqsədilə gətirilməsi kimi əməllər qeydə alınmayıb".
Hesabat dövründə ölkə polisi tərəfindən aparılmış reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 az yaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-ə yaxın valideyn barəsində tərtib olunmuş materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyatı dövlət strukturlarına göndərilib.
Baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 100-ə yaxın uşağa və onların valideynlərinə paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən "Uşaq hüquqları klinikası"nda, "Uşaq və gənclərin sosial reabilitasiya mərkəzi"ndə hüquqi, psixoloji və digər yardımlar göstərilib. Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı "Uşaq polisi otaqları"nda polisin qeydiyyatında olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB