Region gənclərinin yeni saytı

Mingəçevir şəhərində yerləşən "River Side" otelində Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisinin internet saytının (www.gtm-mingecevir.az) təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ofisin rəhbəri Tural Kərimov Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının surətli inkişafı və bu prosesdə gənclərin fəallığı barədə çıxış edib. O, bildirib ki, Mingəçevirdə ilk Qeyri Hökumət Təşkilatı (QHT) saytının yaradılması və xüsusilə gənclər üçün nəzərdə tutulması ciddi hadisədir.

Daha sonra saytın ayrı-ayrı bölmələri üzrə təqdimatlar olub. Qeyd olunub ki, saytda gəncləri maraqlandıran yeniliklər, layihə və proqramlar, yerli və beynəlxalq tədbirlər haqqında elanlar, mərkəzə üzvlük qaydaları, sosial şəbəkələrə çıxış imkanları, sorğular və s. bölmələr mütəmadi olaraq fəaliyyət göstərəcək.

Mərasimdəm Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi, Mingəçevir Turizm Kollecinin direktor müavini, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru, ayrı-ayrı universitetlərin tələbə təşkilatlarının, o cümlədən yerli QHT-lərin rəhbərləri və fəal gənclər çıxış edərək regionda fəaliyyət göstərən ofisin internet saytının yaradılmasını ciddi uğur kimi qiymətləndiriblər. Bildirilib ki, bu sayt Mingəçevir şəhərinin gənclərinə öz bilik və bacarıqlarını bütün ölkəyə çatdırmağa kömək edəcək.

Sonda qeyd edilib ki, yaxın vaxtlarda sözügedən saytda müxtəlif dəyişikliklər edilərək, interaktivliyi daha da artırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə