SAM və erməni ekspertləri görüşəcək

SAM və erməni ekspertləri görüşəcək

Strateji Araşdırmalar Mərkəzinin (SAM) ekspertləri Tiflisdə regional münaqişələri müzakirə edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, 3-4 Noyabr 2012-ci il tarixlərində Gürcüstanın Tiflis şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları və erməni ekspertləri arasında görüş keçiriləcək. Erməni tərəf Analitik Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzi qismində görüşün keçirilməsinə təşəbbüskarlıq edib və təşkilatçı qismində çıxış edib. Görüşün məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyətini, danışıqlar prosesində mümkün olan irəliləyişi və Cənubi Qafqaz regionunda münaqişədən sonrakı inkişaf ssenarilərini müzakirə etməkdir.

Tədbirin təşkilati dəstəyi İsveçrənin Xarici Əlaqələr Üzrə Federal İdarəsi və Gürcüstanın bir sıra qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, görüşdə SAM-ın aparıcı elmi işçisi Heydər Mirzə, ekspert – məsləhətçilər Fuad Çıraqov və Ariz Hüseynov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə