40 milyon nəfər ölümlə üz-üzə qalıb

40 milyon nəfər ölümlə üz-üzə qalıb

Bu gün dünya ictimaiyyətini narkomaniya və onun törətdiyi xəstəliklər (İİV/QİÇS) kimi bəşəri problemlər narahat edir. SİA-nın məlumatına görə, BMT-nin hesablamalarına əsasən dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə etməkdədir. Bu dünya əhalisinin təxminən 4,8%-i deməkdir. QİÇS-ə yoluxanların sayı isə hazırda 40 milyon təşkil edir. İndiyədək bu virus üzündən 25 milyon insan dünyasını dəyişib. Bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artmaqdadır. Təkcə keçən il 2,7 milyon yoluxma halı olub, 1,8 milyon nəfər İİV-dən ölüb. Onların da 380 mini uşaqdır.

Azərbaycanda İİV infeksiyası ilə rəsmi qeydiyyata alınanların sayı isə 3199 nəfər təşkil edir ki, onlardan da 3086 nəfəri (96,5%) Azərbaycan vətəndaşı,113 nəfəri (3,5%) isə əcnəbilərdir.

Əsas etibarilə, yeniyetmə və gənclərin bu virusdan daha çox ziyan çəkməsi bəşəriyyəti birbaşa ölümlə üz-üzə qoyub. Bütün dünyada olduğu kimi Azərbaycanda da gənclərin böyük bir qismi bu xəstəlikdən əziyyət çəkirlər. Bunu qismən olsa da aradan qaldırmaq və xəstəliyin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, effektivli aparılması çox vacibdir.

Regionlardakı əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işin görülməsini labüd edir. Bu baxımdan "Bizim Gənclik" İctimai Birliyi narkomaniya və onun törətdikləri xəstəliklərə (İİV/QİÇS) qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin qrant şəklində qismən maliyyələşməsi ilə "Dünyaya sağlam baxış" layihəsinin icrasını başa çatdırıb.

Qeyd edək ki, layihə çərçivəsində paytaxtda və informasiyanın az olduğu Cənub və Şirvan regionlarında, habelə Gəncə və Sumqayıtda gənclər arasında narkomaniya, İİV/QİÇS-ə yoluxma hallarının qarşısının alınmasında maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilib.

Dövlət Komissiyasının İşçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi ilə birgə keçirilən bu tədbirlərdə əhalinin, xüsusən gənclərin narkomaniya və onun törətdiyi xəstəliklərə (İİV/QİÇS) dair məlumatlanması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilib, eləcə də mütəxəssislər tərəfindən dünyada qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib.

Eyni zamanda dövlətin bu sahədə prioritet istiqamətlərindən sayılan yeni Dövlət Proqramının (2007-2012-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı artıq başa çatmaq üzrədir) hazırlanmasında yerlərdən ola biləcək təkliflərin ümumiləşdirilməsi ilə bağlı müzakirələr də aparılıb.

Beynəlxalq təcrübədə əsas istiqamətlərindən sayılan maarifləndirmə, təbliğat işlərinin daha düzgün qurulması və effektiv aparılmasının zəruriliyi tədbirlərdə xüsusi vurğulanıb. Təlim keçmiş gənclər narkomaniya və İİV/QİÇS xəstəliklərindən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanıblar. Nəticədə, maariflənən insanların sayı dəfələrlə artıb. Bu da xəstəliyin yayılmasının qarşısının alınmasında və onunla mübarizədə həlledici rol oynaya bilər.

Tədbirlərdə, eyni zamanda bu kimi maarifləndirmə işlərinin bundan sonra da keçirilməsinin zəruriliyini bildirilməklə, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər olmasının, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə