Diffamasiya haqda qanunu kim necə qəbul edir?

Diffamasiya haqda qanunu kim necə qəbul edir?

"Diffamasiya haqqında" qanunun qəbulu Azərbaycan mediasının inkişafına təkan verəcək

Son vaxtlar geniş müzakirə obyektinə çevrilən "Diffamasiya haqqında" qanun layihəsi ötən il Milli Məclisə təqdim olunub. Sözügüdən qanun layihəsinin qəbulu Azərbaycan mediasının inkişafına daha da təkan verəcək. Məsələ ilə bağlı bir neçə qəzetlərin baş redaktorları ilə söhbətləşdik.

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli qeyd edib ki, Mətbuat Şurası tərəfindən hazırlanan bu qanun layihəsi geniş müzakirə olunub: "İstər Prezindent Administrasiyası səviyyəsində, istərsə də müxtəlif media dairələri səviyyəsində bu qanun yüksək səviyyədə qiymətləndirilir. Bu qanun layihəsi çox mükəmməl şəkildə hazırlanıb. Deyərdim ki, heç Avropa bır sıra ölkələrində belə qanun qəbul olunmayıb. Bu qanun layihəsinə beynəlxalq ekspertlərdə müsbət rəy veriblər. Cəmiyyətimiz də bu qanunu qəbul etməyə hazırdır. Məlum olduğu kimi, Jurnalistlərin Peşə Davranışı ilə bağlı Kodeks var, bu da bir növ həmin Kodeksin qanunu tərəfidir. Bu baxımdan onun qəbul edilməsində bir problem görmürəm".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Səs" qəzetinə açıqlamasında bildirib ki, istənilən qanunun qəbul olunmasından öncə, qanunun icrası mexanizmləri, eyni zamanda bu qanun cəmiyyətə, bütövlükdə medianın inkişafına nə verəcəyi barədə düşünmək lazımdır: "Hesab edirəm ki, ilk növbədə vətəndaşların hüquq və azadlıqlarını pozan, şərəf və ləyaqətinə toxunacaq, bu və ya digər böhtan xarakterli yazıların qarşısını almaq üçün müvafiq mexanizmlərin düşünülməsinə ehtiyac var. Bu mənada düşünürəm ki, "Diffamasiya haqqında" qanun qəbul olunması, onun verə biləcəyi pozitiv və neqativ amillər nəzərə alınmalıdır. Öncədən elə bir mexanizmlər hazırlanmalıdır ki, medianın fəaliyyətində problemlərin yaranmasına səbəb olmasın. Eyni zamanda vətəndaşların da hüquqları pozulmasın".

"Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev bu qanunun qəbul edilməsinin Azərbaycan mediası üçün vacibliyini bildirib: "Qanun layihəsi hazırlanarkən müəyyən məsləhətləşmələr olub, fikir mübadiləsi aparılıb və mexanizmlər müəyyənləşdirilib. Bu qanun layihəsinə Azərbaycan mediasında sərbsətləşmənin davamı kimi baxmalıyıq. Demək olar ki, bir sıra beynəlxalq qurumlar Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı müxtəlif iradlar tuturlar. Düşünürəm ki, belə iradlar da aradan qalxacaq. Bunu bir növ beynəlxalq media mühitinə inteqrasiya kimi də qiymətləndirmək olar. Hesab edirəm ki, qanunun beynəlxalq səviyyədə media qanunvericiliyinə uyğunlaşdırılması Azərbaycan mediasının inkişafına daha da təkan verəcək".

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə