"Ulu Öndərin siyasi kursu ilə zirvələrə doğru"

"Ulu Öndərin siyasi kursu ilə zirvələrə doğru"

Ağdaşda Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibətilə yubiley tədbiri keçirilib

Ötən gün Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibəti ilə YAP Ağdaş rayon təşkilatı yığıncaq keçirib. Tədbirdən öncə YAP-ın rayon təşkilatının idarə heyətinin üzvləri və qonaqlar ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərinin Heydər parkında ucaldılan əzəmətli abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.

Habil Əliyev adına Ağdaş Musiqi Məktəbinin iclas zalında keçirilən təntənəli yığıncaq Dövlət Himni səsləndirildikdən sonra davam etdirilib. Qeyd edək ki, bayram tədbirində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov da iştirak edirib.

Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Sonra C.Osmanov "Yeni Azərbaycan Partiyası - 20 il" mövzusunda məruzə ilə çıxış edib. Çıxışına ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasının yaranması, bu münasibətlə keçirilmiş ilk konfrans Azərbaycan xalqının və müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır" sözləri ilə başlayan C.Osmanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və bu kimi dəyərlərin təbliğinə xüsusi yer verir.

C.Osmanov bildirib ki, 15 minə yaxın üzvü özündə birləşdirən YAP Ağdaş rayon təşkilatının ətrafında 77 ərazi ilk partiya təşkilatı yaradılıb: "Ərazilərdə gənclərlə və qadınlarla aparılan iş rayon təşkilatı aparatının, Gənclər Birliyi və Qadınlar Şurası rayon təşkilatlarının daima diqqət mərkəzində saxlanılır. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında birləşən partiya üzvünün hər birinin partiyanın və iqtidarın həyata keçirdiyi tədbirlərin əsl təbliğatçıları olmaları üçün rayon təşkilatı aparatında tədbirlər müəyyənləşdirilib, ərazi ilk partiya təşkilatlarında həmin ərazidə yaşayan ziyalılardan ibarət təbliğat qrupları yaradılıb".

YAP Ağdaş rayon təşkilatının sədri vurğulayıb ki, bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin siyasi kursu əsasında inamla zirvələrə addımlayır: "Bu müdrik siyasəti isə uğurla həyata keçirən partiyamızın Sədri, Prezident İlham Əliyevdir. Respublikamızda gedən sürətli inkişaf hər bir sahədə özünü aydın şəkildə biruzə verir və paytaxtla yanaşı ucqar rayonlarımızda yaşayan vətəndaşlarımız da bu inkişafı öz həyatlarında hiss edirlər. Ölkənin hər yerində olduğu kimi Ağdaşın da sürətli inkişafı ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun məntiqi nəticəsidir".

Yeni Azərbaycan Partiyası Qadınlar Şurası Ağdaş rayon təşkilatının sədri, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva, YAP Ağdaş rayon təşkilatının Gənclər Birliyinin sədri Anar Şahmuradov, YAP Ağdaş rayon təşkilatının Şura üzvü, Dəhnəxəlil ərazi ilk partiya təşkilatının sədri Əlican Mahmudov və digərləri çıxış edərək partiyanın yaranma tarixinə geniş nəzər salaraq, zamanın çətin sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğulayıblar.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə bayram tədbirində çıxış edərək əvvəlcə Ağdaş rayonunu təmsil edən siyasi həm fikirlərini YAP-ın yaranmasının 20 illik yubileyi münasibətilə təbrik etdi. V.Rəhimzadə partiyanın keçdiyi tarix barədə qısa məlumat verərək bildirib ki, YAP tarixi zərurətdən yaranıb. Həmin dövrlər Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi yaranmışdı. 16 oktyabr 1992-ci il Azərbaycanın həyatında tarixi dönəm yaradan ziyalılar tərəfindən Heydər Əliyevə ünvanlanan müraciət xalqın taleyində, Azərbaycanın ictimai-siyasi həyatında dönüş yaratdı. 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi: "O zaman YAP müxalif partiya olaraq, sivil bir partiya kimi fəaliyyət göstərərək, ağır, çətin bir dövrdə formalaşdı. Bu gün ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır. Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası və bu partiyanın söykəndiyi idoloji-siyasi pirinsiplər faktiki olaraq bu gün Azərbaycanın müstəqil dövlətçiliyinin təməl prinsipləri kimi hamı tərəfindən qəbul edilir".

Çıxışının sonunda V.Rəhimzadə onu da vurğulayıb ki, artıq 20 ildir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün YAP Prezident İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurası və İdarə Heyətinin üzvü Tofiq İbrahimov vurğulayıb ki, 20 ildir ki, xalqın ümid etdiyi və inandığı Yeni Azərbaycan Partiyasının sosial bazası gündəgün genişlənir, xalq üçün çalışan insanlar bu partiyaya üzv olurlar. T.İbrahimov ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edərək, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi diqqətə çatdırıb. RİH başçısı müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixinə nəzər salaraq, Yeni Azərbaycan Partiyasının danılmaz xidmətlərindən danışıb: "Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti iqtidar partiyasına olan ümumxalq inamını daha da artırmış, onu ümumxalq partiyasına çevirib".

Sonra YAP sıralarına yeni qəbul olmuş bir qrup gəncə partiyanın üzvülük vəsiqələri təqdim olundu. Tədbirin sonunda YAP-ın yaranmasının 20 illiyi münasibətilə rayonun ictimai həyatında fəal iştirak etmiş partiya üzvləri Fəxri fərmanlarla təltif olunublar.

Sonda tədbir iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə