Nar sevənlər yenə bir arada

3 noyabr 2012-ci il tarixində Göyçay rayonunda Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi "Nar Bayramı" təşkil olunacaq. SİA-nın verdiyi məlumata görə, tədbir zamanı rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək. Öz rəngarəngliyi və fərqliliyi ilə seçiləcək builki "Nar Bayramı"-nda İtaliyada, Patiseri şəbəkəsinin sahibi Gianni-de Carlo bayram münasibəti ilə Göyçay nar suyunun əlavə olunduğu xüsusi piroq və tort resepti hazırlayıb. Eyni zamanda, "Nar Bayramı"-nda ən böyük Pizza Festivalı keçiriləcək. Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, özəl qurumların nümayəndələri, icra başçıları, media qurumları bir sıra xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai-siyasi xadimlər, QHT nümayəndələri, sənət adamları, Azərbaycanda təhsil alan xarici tələbələr iştirak edəcəklər.

Xatırladaq ki, Türkiyənin tanınmış müğənnisi Doğuş da "Nar Bayramı"-nda iştirak edəcək. O öz ifası ilə göyçaylıları sevindirəcək. Bundan başqa Türkiyənin aparıcı media orqanlarının nümayəndələri də "Nar Bayramı"na qatılacaqlar. Tədbirin aparıcısı tanınmış şoumen Murad Dadaşov olacaq. Bayram tədbiri ölkənin tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq. Hər il olduğu kimi, bu il də Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən və "İRƏLİ" İctimai Birliyinin təşkilatı dəstəyi ilə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən göndərilən nar sovqatları və 3 noyabr 2012-ci il tarixində Göyçayda keçiriləcək Nar Festivalında iştirak üçün hazırlanmış dəvətnamələr "İRƏLİ" könüllüləri tərəfindən Azərbaycanda fəaliyyət göstərən diplomatik struktur, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri və media qurumlarına təqdim olunub. 1 noyabr 2012- ci ildə saat 13:00-da Göyçay Rayon İcra Hakimiyyətinin və "İRƏLİ" İctimai Birliyinin dəstəyi ilə Park Bulvarda AVM-dən "Hərəyə bir nar" şüarı altında aksiya həyata keçiriləcək və nar sovqatları şəhər ictimaiyyətinə paylanılacaq. Aksiya zamanı Park Bulvarda nar dənələmə, nar sıxma, nar yemə və s. üzrə müxtəlif yarışlar keçiriləcək. Qaliblərə Park Bulvardan müxtəlif hədiyyələr və eyni zamanda Göyçayda keçiriləcək "Nar Bayram"-na dəvətnamə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə