Azərbaycan və Polşa arasında memorandum imzalanıb

Azərbaycan və Polşa arasında memorandum imzalanıb

Azərbaycan Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb

28-30 oktyabr 2012-ci il tarixlərində, Bakıda "Sərhədsiz gənclər əməkdaşlığı" adlı beynəlxalq forum keçirilib. Forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə baş direktorluğu olub. Fonddan SİA-ya verilən məlumata görə, forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsi idi. 100-dən çox yerli, Avropa və dünya ölkələrindən olan iştirakçının qatıldığı forum ingilis dilində keçirilib. Forumda 40-a yaxın ölkədən nümayəndə iştirak edirdi. Forumun son günündə Azərbaycan Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb. Avropa İttifaqı və Azərbaycan arasında qeyri-formal təhsil sahəsində beynəlxalq gənclər əməkdaşlığının vacibliyinin və tanınmasının inkişafını özündə əks etdirən memorandum Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Polşanın Təhsil Sisteminin İnkişafı Fondunun baş direktoru Miroslav Marczevski tərəfindən imzalanıb. Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Morokko, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələrinin iştirak etdiyi forum 3 paneldə keçirilib. Panellərin mövzuları "Gənclər Fəaliyyətdə" Proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq, "Gənclər Fəaliyyətdə" proqramının mənim regionuma təsiri və reallıqlar, gələcək perspektivlər olub. Bununla yanaşı, forumun rəsmi açılışından sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edib, Dövlət Bayraq Meydanında olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə