Milli Parkda aksiya sakit şəraitdə keçib

Milli Parkda aksiya sakit şəraitdə keçib

Bu gün Dənizkənarı Milli Parkda uşaqlar üçün növbəti pulsuz atraksion aksiyası keçirilib. SİA-nın məlumatına görə, yaşı 15-ə qədər olan uşaqlara səhər saat 09.00-dan 13.00-dək bulvardakı atraksionlardan pulsuz istifadə haqqı verilib.

Ötən dəfəkindən fərqli olaraq bu dəfə aksiya nisbətən sakit şəraitdə keçib. Belə ki, atraksionlardan istifadə biletlərlə olub. Hər bir kassada valideynlərə biletlər paylayıblar ki, bu da uşaqlara hər atraksiondan istifadə haqqı verib. Biletlər uşaqlara atraksiondan bir dəfə istifadə haqqı verir. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, iyun ayının 10-dən fərqli olaraq bu dəfə aksiya dava-dalaşsız, sakit keçib: "Biz 2011-ci ilin iyun ayından Dənizkənarı Milli Bulvar İdarəsi olaraq bu aksiyanı hər ay təşkil edirik. Bundan sonra da mütəmadi şəkildə bunu davam etdirmək fikrindəyik. Əgər hava şəraiti normal keçərsə dekabr ayında aksiyanı iki dəfə keçirməyi planlaşdırmışıq. Bizi sevindirən başlıca məqam odur ki, insanlar öz razılıqlarını dilə gətiriblər. Onlar bu aksiyanın davamlı olmasını istəyirlər. Biz də öz növbəmizdə bunu həm bu il, həm də gələn il mütəmadi olaraq davam etdirəcəyik. Bizim əsas məqsədimiz insanların istirahətini, təhlükəsizliyini təmin etməkdir. Çünki ən vacib məsələ burada iştirak edən insanların sağ-salamat öz evlərinə qayıtmasını təmin etməkdir. Çünki burada elə atraksionlar var ki, onlar sürətlə hərəkət edirlər. Məhz bu gün də Bulvar İdarəsinin bütün əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Bu həm aparatın həm də bizim müəssisənin və mühafizə xidmətinin işçilərinə aiddir".

İdarənin rəis müavini deyib ki, bu dəfəki aksiyada insanların azlığı başlıca olaraq havaların sərin keçməsi və məktəblərin açılması ilə bağlıdır: "Qış fəslinə doğru getdikcə insanların bu kimi aksiyalarda işirakı da xeyli azalır. 2008-ci ildən bu günə qədər Bulvar İdarəsi hər zaman öz yenilikləri ilə insanları sevindirib. Bu istər yaşıllıq sahələrinin genişləndirilməsi müxtəlif dekorativ ağacların əkilməsi, istər müasir tipli kafelərin quraşdırılması , istərsə də yeni atraksion və karusellərin yenilənməsi ilə olub. Bu proses davam edəcəkdir".

N.Məcidov onu da sözlərinə əlavəe dib ki, Dənizkənarı Bulvar İdarəsi artıq genişlənib. Yaxın gələcəkdə Zığ istiqamətində də genişlənmə işləri aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə