YAP Şamaxı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirdi
Ötən gün YAP Şamaxı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirdi. Tədbiri giriş sözü ilə açaraq YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov bildirdi ki, bu gün 20-illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası 90-cı illərin əvvəlində Azərbaycan siyasi böhran keçirdiyi bir vaxtda ulu öndər Heydər Əliyev tərəfindən yaradıldı. "Cəmiyyətin demokratik qüvvələri, ziyalıları və bütövlükdə Azərbaycan xalqı öz istəklərindən daha qabağa gedərək, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yanaşı, onun adı ilə bağlı, böyük bir siyasi partiyanın yaradılmasını zəruri hesab edirdilər."
B.Abbasov xatırlatdı ki, partiyanın təsis konfransı 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində keçirildi. Konfransda Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarının 550 nəfər nümayəndəsi iştirak edirdi. Konfransda Partiyanın Proqramı və Nizamnaməsi qəbul olundu. YAP Şamaxı rayon təşkilatının sədri bildirdi ki, yubiley ilində, biz tarixə nəzər saldıqda görərik ki, bu illər ərzində Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında da müəyyən işlər görülüb. "1993-cü ilin martında 17 nəfərlə rayon təşkilatının təsis konfransı keçirildi. Təşkilat yarandığı gündən rayonun bütün tədbirlərində fəaliyyətini gücləndirdi. Bu gün partiya daxilində Qadınlar Şurası və Yeni Azərbaycan Partiyasının Gəclər Birliyi fəailiyyət göstərir. Partiya sıralarına qəbul öz mütəşəkkilliyi ilə fərqlənir. Partiyanın VII konfransına qədər partiya üzvlərinin sayı 4500 nəfər idisə 2011-ci ilin dekabrında bu rəqəm 5500 nəfər olub. Hal-hazırda isə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı öz ətrafında 6039 nəfəri birləşdirir. Bunlardan 3132 nəfər qadın, 2572 nəfəri isə gənclər təşkil edir. Partiyanın 85 ərazi ilk partiya təşkilatları bütün rayonun yaşayış məntəqələrini əhatə edir. YAP Şamaxı rayon təşkilatının maddi-texniki bazasının möhkəmləndirilməsində, təşkilatın fəaliyyətinin yüksəldilməsində göstərdiyi qayğıya və köməyə görə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədova minnətdarlığımızı bildiririk".
B.Abbasov sonda onu da vurğuladı ki, YAP Şamaxı rayon təşkilatı 2013-cü ilin oktyabr ayında keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının seçki texnologiyasına, demokratik qaydalara uyğun olaraq, öz işini quracaq və partiya tərəfindən irəli sürülən namizədini dəstəkləyəcək, onun qələbəsini təmin edəcək.
YAP Şamaxı rayon Qadınlar Şurasının sədri Nəzakət Abdulrazaqova, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbəsi Xaliq Tapdıqzadə məruzələrlə çıxış etdilər. Tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək tədbir iştirakçılarını və rayon təşkilatının bütün üzvlərini YAP İcra Katibliyi adından təbrik etdi. V.Rəhimzadə partiyanın yaranma tarixinə geniş nəzər salaraq zamanın çətin sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini xüsusi vurğuladı. YAP Siyasi Şurasının üzvü bildirdi ki, müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. "Bu gün öz sıralarında 600 minə yaxın üzvü birləşdirən YAP Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirir. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Yeni Azərbaycan Partiyasına olan ümumxalq inamını daha da genişləndirib, onu ümumxalq partiyasına çevirib".
V.Rəhimzadə qeyd etdi ki, hazırda Respublikamızın hər yerində YAP-ın 20 illik yubileyinə həsr olunan silsilə tədbirlər keçirilir. YAP Siyasi Şurasının üzvü Yeni Azərbaycan Partiyasının yarandığı ərəfədə, həmin nümayəndələrdən biri kimi rayon və şəhər təşkilatlarının təsis konfranslarında iştirakını və həmin tədbirlərdə xalqın Ümummilli Lideri Heydər Əliyevin sonsuz məhəbbət və böyük inamının şahidi olduğunu vurğuladı.
Sonra Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs etdi. Ə.Cavadov qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Milli Məclisin deputatı bildirdi ki, partiyanın bütün üzvləri onun yaradıcısı, müstəqil dövlətimizin qurucusu və xalqımızın Ümummilli lideri Heydər Əliyev ideyalarına daim sadiq olub və onun müəyyənləşdirdiyi yolla gedib. Partiyanın sıralarında yüz minlərlə üzvün birləşməsi ona olan inamın göstəricisidir.
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək vurğuladı ki, müstəqilliyimizin ilk vaxtlarında ölkədə yaranan ictimai - siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövlət yaratmaq üçün siyasi partiya lazım idi. "Ulu Öndərin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə cevrildi. YAP yaranmaqla Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş quruculuq işləri gedir, regionlar, o cümlədən rayonumuz sürətlə inkişaf edir, abadlaşır. Çıxışının sonunda A.Məmmədov YAP Şamaxı rayon təşkilatının rayonun ictimai-siyasi həyatında kifayət qədər fəal olduğunu vurğulayaraq tədbir iştirakçılarını YAP-ın yaranmasının 20 illik yubileyi münasibətilə təbrik etdi.
Sonda tədbir iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB