Son vaxtlar ölkənin bəzi kütləvi informasiya vasitələrində "Mingəçevir şəhərindəki vəziyyət" barədə qərəzli məlumat və yazılar dərc olunur, insanlarda səhv, həqiqətdən uzaq fikirlər formalaşdırılır. SİA-ya Şəhər İcra Hakimiyyətindən verilən məlumatda deyilir ki, bu qara fikirli yazılarda Mingəçevirdə heç bir abadlıq quruculuq işlərinin aparılmadığı, şəhərdə kommunal xüsusilə su-kanalizasiya xidmətində ciddi problemlərin olması, mətbuat yayım köşklərinin yoxluğu, şəhərə əvvəllər gətirilmiş yeni, müasir avtobusların geri qaytarıldığı və s. göstərilir.
Qeyd olunanlarla bağlı təkcə onu qeyd etmək lazımdır ki, cari ilin 9 ayı ərzində şəhərdə 100 min kvadrat metrdən çox sahəyə asfalt örtük salınmış, şəhərin şərq girişində avtomobil yolu genişləndirilmiş, səki və meydançalarda 12 min kvadrat metrdən çox döşəmə daşı düzülmüş, 500 ədəd yeni və müasir işıqlanma dirəkləri gətirilərək quraşdırılmış, yaşayış binalarının 6000 kvadrat metr dam örtüyü, 4 binanın isə zirzəmi-kommunikasiya xətləri əsaslı təmir olunmuş, 262 nəfər peşəsinə və ixtisasına uyğun daimi işlə təmin olunmuşdur. Şəhər ərazisində Kür çayının sol sahilində 3 hektar ərazidə yerləşən "Sahil" park-bulvarı ən müasir layihə əsasında yenidən qurulmuş, Dövlət Bayrağı meydanı yaradılmış, ətrafındakı 1 hektar ərazidə əhalinin istirahəti üçün istirahət parkı yaradılmışdır. Dövlət proqramına uyğun olaraq su və kanalizasiya şəbəkələrinin əsaslı şəkildə yenidən qurulmasına başlanmış və artıq 22 km uzunluğunda su, 19 km uzunluğunda kanalizasiya xətləri çəkilmiş və bu işlər hazırda da sürətlə davam etdirilir.
Şəhər ərazisində mətbuat yayım köşklərinin olmaması fikri isə heç bir məntiqə sığmır. Belə ki, son 6 ayda 8 ədəd yeni müasir və yaraşıqlı mətbuat köşkləri gətirilib quraşdırılmaqla onların sayı 20-yə çatdırlıb. Hətta şəhərin ən ucqar yaşayış sahələri olan "Tərəvəzçilik sovxozu" və "Bağlar" yaşayış massivlərində də mətbuat yayımı köşkləri fəaliyyət göstərir.
Qeyd edək ki, şəhərə əvvəllər heç bir müasir tipli avtobuslar gətirilməmiş və geri qaytarılmamışdır. Yaxın son aylarda artıq şəhərə ayrı-ayrı sahibkar-sürücülərin tərəfindən yeni avtobuslar gətirilmiş və onlar özlərinə məxsus köhnə avtobusları dəyişdirərək şəhər əhalisinə xidmət göstərirlər.
Yuxarıda qeyd olunanlar bir daha onu göstərir ki, hələ də bəzi KİV-lərdə ağı qaradan seçə bilməyən, aldığı məlumatı dəqiqləşdirmədən mətbuata verən müxbirlər vardır. Onlara tövsiyəmiz ondan ibarətdir ki, belə yazılarla adamlarda mənfi fikirlər formalaşdırmaqla öz çalışdıqları mətbuat orqanının nüfuzunu aşağı salmasınlar, böyük qəzetçilik ənənələri olan Azərbaycan mətbuatının adına ləkə gətirməsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB