İcra Hakimiyyəti təkzib edir

Goranboy rayonu ərazisində boru oğurluğu ilə məşğul olanlar tez bir zamanda cəzalandırılacaqlar

Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) Goranboy rayonu ilə bağlı həqiqətə uyğun olmayan, hec bir jurnalist araşdırılması aparılmadan, dəqiqləşdirilməmiş məlumatlar yer almışdır. SİA-nın verdiyi məlumata görə, yazıların birində güya Meliorasiya və Su Təsərrüfatı ASC-yə məxsus boru xəttinin 1000 metrinin kəsilərək oğurlanması və bu hadisənin açılmasında rayon rəhbərliyinin maraqlı olmaması barədə uydurma məlumat yayılmışdır.

İcra Hakimiyyətindən verilən məlumatda deyilir ki, 1988-ci ildə diametri 1000 mm olan boru ilə Xan Qərvənd kəndində fəaliyyət göstərən Lenin adına kolxozun vəsaiti hesabına əkin sahələrinin suvarılması üçün Yuxarı Qarabağ kanalından təxminən 1611 metr uzunluğunda su xəttinin çəkilişinə başlanılıb, 1991-ci ildə xəttin çəkilişi dayandırılıb. Sonradan Lenin adına kolxoz bir neçə kəndi əhatə etdiyindən hər bir kənddə yeni kolxoz yaradılmışdır. O cümlədən Əlirzalı kəndində kolxoz yaradılmış, yuxarıda qeyd edilən su boru kəməri Əlirzalı kolxozunun balansına verilmişdir. Lakin bələdiyyələr yaranarkən kəmər Əlirzalı bələdiyyəsinin balansına verilməmiş, sahibsiz qalmışdır.

Dəfələrlə müəyyən təşkilatlar tərəfindən boru xəttinin götürülməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciətlər edilmiş, lakin razılıq verilməmişdir.

13 aprel 2012-ci ildə gecə radələrində boru xəttinin təxminən 291 metri naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bələdiyyə tərəfindən bununla bağlı rayon Polis şöbəsinə və rayon Prokurorluğuna rəsmi müraciət edilmişdir. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi qaldırılmışdır.

Eyni zamanda su boru kəmərinin qalan 1320 metr hissəsi aktla mühafizə edilmək üçün Əlirzalı bələdiyyəsinin balansına verilmişdir.

Rayon polis şöbəsinin keçirdiyi əməlliyat nəticəsində 8 avqust 2012-ci il tarixdə 18 metr borunun oğurlanmasının qarşısı alınmışdır. Hazırda faktla bağlı istintaq işi davam edir.

Qeyd edək ki, boru xəttinin mühafizəsi barədə rayon Polis Şöbəsinə və Əlirzalı Bələdiyyəsinə müvafiq göstərişlər verilmişdir. Kəmər mövcud vəziyyətdə olaraq qalır.

Bir daha bildirmək istəyirik ki, KİV-də boru xətti ilə bağlı yazılanlar bütünlüklə böhtan və şantaj xarakteri daşıyır. Cinayət işinin açılması ilə bağlı güya rayon Prokurorluğuna təzyiq göstərilməsi ilə bağlı yazılanlar da həqiqətə uyğun deyildir. Əksinə rayon rəhbərliyi bu işin tez bir zamanda açılmasında və cinayətkarların öz layiqli cəzalarına catmasında maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə