Dəmir Yolları idarəsi YAP-ın 20 yaşını qeyd edib

Dəmir Yolları idarəsi YAP-ın 20 yaşını qeyd edib

Bu gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyinə həsr olunan tədbir keçriilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin I müavini Əlirza Süleymanov bildirib ki, bu günlərdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan hakim partiyanın 20 illiyi qeyd edilir.

Onun sözlərinə görə, YAP 20 il ərzində mühüm bir yol keçib: "Hakim partiyanın yaranması və keçidiyi inkişaf yolu mühüm bir dövrə təsadüf edir: "Ölkəni mövcud vəziyyətdən xilas etmək üçün yeni siyasi təşkilatın yaradılmasına ehtiyac yaranmışdı. Belə bir vəziyyətdə xalq ümummilli lider Heydər Əliyevin ətrafında birləşdi və Yeni Azərbaycan Partiyasını yaratmağa nail oldular. 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın xüsusi inkişaf dövrü başlayıb. Bu gün partiyanın sıralarında üzvlərin sayı günü-gündən artmaqdadır. YAP-da bu gün ölkənin bütün sahələrində mühüm rol oynayır".

YAP-ın ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov isə partiyanın yaranma tarixinə nəzər salıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: "Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə verib və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranıb. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı".

Tədbirin davamında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidmətinin rəis müavini Dilşad Əsgərova, Biləcəri stansiyasının rəisi Əli Qasımov, YAP-ın "ADY" QSC-dəki ərazi ilk partiya təşkilatının Gənclər Şurasının üzvü Vüsal Sadıqov çıxış edərək YAP-ın fəaliyyət göstərdiyi 20 il ərzində Azərbaycan cəmiyyətində oynadığı roldan danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə