Dağlıq Qarabağ münaqişəsi Vyana Forumunda

Dağlıq Qarabağ münaqişəsi Vyana Forumunda

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının rəhbəri Şahin Seyidzadə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumunda iştirak edib. Qurumdan SİA-ya verilən məlumata görə, forum Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyi və ASAIF –in təşkilatçılığı ilə keçirilib.

Forumun məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan hökümətinin fəaliyyətinə xaricdə təhsil alan tələbələr tərəfindən tövhə verilməsidir. Bu ilk növbədə azərbaycanlı gənclərin nizamlanma prossesi barədə məlumatlandırılması və müvafiq fəaliyyət göstərməsi üçün istiqamətləndirilməsi vasitəsilə həyata keçirilir.

Forum zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının rəhbəri Şahin Seyidzadə bu münaqişənin həlli istiqamətində xaricdə təhsil alan tələbələrin səfərbər olunması və şəbəkələşməsinin vacibliyini vurğulayıb: "Bugün dünyanın müxtəlif ölkələrində azərbaycanlı tələbələr təhsil alır. Onlar təhsil aldıqları ölkənin gəncləri ilə ünsiyyətdə olur, dostluq əlaqələri qurur tədricən həmin ölkənin ictimai, siyasi həyatında müəyyən rola malik olurlar. Sözsüz ki, həmin ölkənin vətəndaşlarına münaqişə ilə bağlı həqiqətləri məhs onlarla müntəzəm ünsiyyətdə olan bir gəncin çatdırması daha effektivdir. Lakin bu prosses də pərakəndə baş verməməlidir. Müxtəlif ölkələrdə yaşayan gənclər şəbəkələşməli və həmrəy şəkildə həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır."

Tədbirdə həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycanın BMT-də daimi nümayəndəsinin müavini Tofiq Musayev, Azərbaycan Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, millət vəkilləri və münaqişənin həlli istiqamətində fəaliyyət göstərən ekspert qrupu iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə