Belarusiyanın baş nazirinin müavini Gəncədə səfərdə
Baş nazirin müavini Gəncədə

Belarusiyanın Baş Nazirinin müavini Vladimir Semaşkanın Azərbaycana səfəri başlayıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, ilk olaraq diplomat Gəncə Avtomobil Zavodunda olub. Burada Minsk Avtomobil Müəssisəsi ilə Gəncə Avtomobil Zavodu arasında imzalanan müqavilə əsasında istehsal olunan məhsullara baxış keçirib. Nazir müavininə Gəncə Avtomobil Zavodu ilə bağlı ətraflı məlumat verilib.

"Bu gün Gəncə Avtomobil Zavodu doğurdan da böyük potensiala malikdir. Ölkələrimiz arasında yüksək münasibətlər nəticəsində yeni işbirliyi qurulub. Mən istehsal edilən məhsulların statistikası ilə tanış oldum. İldən-ilə göstəricilər yaxşılığa doğru dəyişir. Bu sevindirici haldır. Ümid edirəm ki, bundan sonra da əlaqələrimiz genişlənər" -deyə V.Semaşka bildirib.

Qeyd edək ki, prezident İlham Əliyevin Belarusiyaya səfərinin ardından qurulan əməkdaşlıq nəticəsində bu ölkənin avtomobillərinin ehtiyat hissələrinin Gəncədə yığımı həyata keçirilir. Müqaviləyə həmçinin Almaniyanın "Haller" şirkəti də qoşulub. Nəticədə uzun illərdən sonra işə düşən Gəncə Avtomobil Zavodunda kənd təsərrüfatında istehsal edilən traktorlar və "MAZ" avtomobilləri yığılır. Rəsmi statistikaya görə, 2007-ci ildən 2012-ci ilə kimi Gəncə Avtomobil Zavodunda 3254 ədəd traktor və 16868 ədəd "MAZ" avtomobilləri istehsal olunub. Müəssisədə hazırda 500-dək işçi çalışır ki, bunlarında orta aylıq əmək haqqı 700 manat təşkil edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə