Millət vəkili Qənirə Paşayeva Safranboluda Türk Ocaqlarında Dağlıq Qarabağ problemi və qondarma erməni soyqırımı iddaları ilə bağlı çıxış edib. SİA-nın məlumatına görə, Sanfranboluda Türk Ocaqlarındakı çıxışı zamanı Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, həmçinin 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə tədbir iştirakçılarına geniş məlumatlar verib. O, eyni zamanda ermənilərin tarixi Azərbaycan torpaqlarına 19-cu əsrdən başlayaraq Rus imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi, bunun arxasında dayanan maraqlar və buna etiraz edən azərbaycanlılara qarşı edilən təzyiq və təqiblərdən də danışıb.
Millət vəkili bildirib ki, bu günkü Ermənistan dövlətinin yerləşdiyi ərazilər tarixi Azərbaycan torpaqlarıdır və ermənilərin bu torpaqlara köçürülməsi ilə yanaşı azərbaycanlıların zorla öz torpaqlarından çıxarılması, deportasiya olunması prosesi də aparılıb. Bu bədnam siyasət həm Rus imperiyası, həm də SSRİ rəhbərliyi tərəfindən məqsədli şəkildə həyata keçirilib. Q.Paşayeva erməni silahlılarının, erməni terror təşkilatlarının 1905-1907 və 1918-ci illərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, 1948-1953-cü ildə yüz minlərlə azərbaycanlının bu günkü Ermənistan ərazisindən – öz ata-baba yurdlarından zorla deportasiya edilmələri, 1988-ci ildə Ermənistan dövlətinin apardığı etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlıların Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər belə olsun azərbaycanlının yaşamaması barədə də ətraflı məlumat verib.
Millət vəkili deyib ki, Ermənistanın Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdırlar. Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün Türk dünyasının problemidir deyən millət vəkili, eyni zamanda əlavə edib ki, bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanıması istiqamətində bütün Türk dünyası fəal iş aparmalıdır.
"Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq" şüarının vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu soyqırımın dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə ətraflı məlumat verən millət vəkili Q.Paşayeva problemin həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışıb. Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında bu konfransın əhəmiyyətinə toxunan Qənirə Paşayeva, Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirib:"Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır. Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan, millət vəkili Qənirə Paşayeva gəncliyi İsmayıl Bəy Qaspirallının "Dildə, fikirdə, işdə birlik" və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: "Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər".
Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın Qarabağın Azərbaycanlı İcmasının üzvü Havva Məmmədova ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının və Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım" kitabı və Azərbaycan həqiqətlərinə dair bir sıra digər kitab və materiallar da tədbir iştirakçılarına təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB