Dövlət başçısı taxıl anbarı kompleksinin və damazlıq quşçuluq fabrikinin açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişlidə "Kraun KO" taxıl anbarı kompleksinin açılışında iştirak edib. Məlumat verilib ki, "Kraun KO" taxıl anbarı kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Şahverdili kəndi ərazisində inşa olunub. Anbar ən müasir avadanlıqla təchiz edilmişdir. Kompleksin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 4 milyon manat güzəştli kredit verilmişdir. Kompleksin tikintisinə ötən ilin aprelində başlanılmış, bu ilin oktyabrında başa çatdırılıb.
Anbar ilə tanışlıq zamanı məlumat verildi ki, müəssisə Türkiyənin "OBİ" şirkətinin texnologiyası əsasında qurulub. 50 min tonluq taxıl anbarı hər birinin tutumu 8,3 min ton olmaqla 6 silodan ibarətdir. Kompleks təmizləmə, qurutma və havalandırma sistemləri ilə təchiz edilib. Buraya gətirilən taxıl əvvəlcə tərəzidə çəkilir, sonra açıq-qapalı kompressora, daha sonra isə şneklər vasitəsilə birinci anbara ötürülür. Taxıl təmizləndikdən sonra dərmanlanır və ikinci anbara nəql olunur. Taxılın təmizlənməsi və yuyulması üçün ərazidə su çəni quraşdırılıb. Müasir texnologiyanın tətbiqi yolu ilə kompleksdə taxıl məhsullarını uzun müddət ərzində itkisiz saxlamaq mümkündür. Buraya ayrıca dəmir yolu xətti də çəkilib. Müəssisə tərəfindən kompleksin xammal bazasının təmin edilməsi məqsədi ilə 43,5 min hektar ərazidə əkin işləri aparılır. Əkin işlərinin aparılması üçün müasir texnika və avadanlıq da alınıb. Anbarın ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Qeyd olunub ki, ofis binasında da işçilərin rahat fəaliyyəti üçün hər cür şərait yaradılıb. Layihənin həyata keçirilməsi respublikada taxılçılığın inkişafına təkan verməklə il boyu əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına imkan verəcəkdir. Kompleksin inşası kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına təkan verməklə bərabər, yeni iş yerlərinin açılmasına kömək edəcək. Hazırda müəssisədə 50 nəfər çalışır.
Dövlətimizin başçısı taxıl anbarı kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində "Araz" damazlıq quşçuluq fabrikinin açılışında iştirak edib.
"Araz" damazlıq quşçuluq fabriki regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonun Qaragüvənli kəndində ən müasir standartlar səviyyəsində qurulub.
Bildirilib ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif regionlarında ayrı-ayrı istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. "Araz" damazlıq quşçuluq fabriki də belə müəssisələrdən biridir. Fabrikin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 5 milyon manat güzəştli kredit verilib. Damazlıq yumurta istehsal edəcək fabrikin ümumi sahəsi 24 hektardır. Müəssisədə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2010-cu ilin sonunda başlanılıb, bu ilin oktyabrında isə işlər tam başa çatdırılıb.
Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, fabrikdə hər birinin sahəsi 1728 kvadratmetr olmaqla yeddi quş ferması inşa edilib. Quş fermaları Türkiyənin bu sahədə dünyada məşhur olan "Altuntaş" şirkətinin avadanlığı ilə təchiz edilib. Buradakı damazlıq cücələr isə Hollandiyadan gətirilib. Fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı nəzərdə tutulur. Müəssisədə istehsal gücü saatda 10 ton olan yem sexi və tutumu 3,5 min ton olan yem anbarı fəaliyyət göstərir. Yem sexində Türkiyənin "Altuntaş" şirkətinin və yerli "Asena" şirkətinin avadanlığı quraşdırılıb. Yem anbarı isə Türkiyənin "OBİ" şirkətinin texnologiyası əsasında qurulub. Fabrikdə laboratoriya, inzibati və digər köməkçi binalar inşa edilib. Layihənin icrası nəticəsində 80 nəfər yeni iş yeri ilə təmin olunub.
Dövlət başçısına məlumat verildi ki, eyni zamanda, İmişli rayonu ərazisində illik istehsal gücü 4 min ton olan broyler fabrikinin və illik 110 milyon əmtəə yumurtası istehsal etmək imkanına malik quşçuluq fabrikinin maliyyələşdirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bu müəssisələr də ən müasir avadanlıqla təchiz ediləcək. Layihələrin icrası nəticəsində 110 yeni iş yeri açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB