Dövlət başçısı öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Saatlı rayonuna səfərə gəlib. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verib ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülüb, yeni yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb. Ümumi sahəsi 5,6 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait vardır.
Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verib ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılıb. Xəstəxana üç korpusdan ibarətdir. Onlardan biri ikimərtəbəli, ikisi isə üçmərtəbəlidir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulub, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılıb. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün xəstəxananın ərazisində 330 kilovoltluq generator qoyulub.
Xəstəxananın həyətində də geniş abadlıq işləri görülmüş, 9,3 min kvadratmetr sahəyə asfalt salınmış, 5 min kvadratmetr sahədə yaşıllıq zolaqları yaradılıb.
Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılıb. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilib. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım şöbələri, laboratoriyalar, uşaq və böyüklər üçün infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur.
Bildirildi ki, burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də digər rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb sahəsində məşhur şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən avadanlıqla təchiz olunub. Hər bir şöbənin ayrıca intensiv palatası vardır. Digər palatalar da yüksək səviyyədə yaradılıb.
Qeyd olunub ki, xəstəxananın poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir. Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə, kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim otaqları vardır.
Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Xəstəxananın həkimi Adelina Ələkbərova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Həmin gün Azərbaycan Prezidenti Saatlıda Şahmat Məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, hazırda ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə idmanın digər sahələri ilə yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən yeni şahmat məktəbləri tikilib istifadəyə verilir. Bunlardan biri də Saatlı rayonunda inşa olunan Şahmat Məktəbidir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunmuşdur. Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılıb.
Bildirildi ki, Şahmat Məktəbi Azərbaycan Prezidentinin 2011-ci il 11 may tarixli Sərəncamı ilə Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılmış vəsait hesabına inşa olunub. Saatlı şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda inşa olunan Şahmat Məktəbinin tikintisinə ötən ilin sentyabrında başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 521 kvadratmetrdir. Binanın birinci mərtəbəsindəki foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idman ictimaiyyətinin nümayəndələri və Saatlı rayon sakinləri ilə görüşlərini əks etdirən fotoguşə, iki sinif otağı, direktor otağı, konfrans zalı, qarderob yerləşir. Binanın ikinci mərtəbəsində şahmat yarışı zalı, müəllimlər və hakimlər otağı vardır. Yarış otağında eyni vaxtda 50 idmançı mübarizə apara bilər. Burada sensor monitorlar vasitəsilə beynəlxalq əhəmiyyətli yarışların gedişini izləmək və dərs proqramlarını öyrənmək mümkündür.
Şahmat Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB