Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) və "Xətai" klinikası müqəddəs Qurban bayramı öncəsi qadın jurnalistlər üçün aksiya keçirib. SİA-nın verdiyi məlumata görə, "Genefondumuzu qoruyaq" adlandırılan aksiya zamanı xanım jurnalistlər "Xətai" klinikasında müayinədən keçib. Yalnız bir gün – 24 oktyabrda olan aksiyada iştirak etmək üçün 30-dan artıq qadın jurnalist müraciət edib və müraciətləri müsbət qarşılanıb.
Ötən il də bu tip aksiyalar keçirdiklərini deyən AJQA prezidenti Sevil Yusifova bildirib ki, o zaman bu aksiya iki hissədən ibarət olub – həm jurnalistlər, həm də sadə vətəndaşlar üçün və yalnız jurnalistlər üçün: "Birinci aksiyada 3500-dən çox insan hepatit viruslarına görə yoxlamadan keçmişdi. Digər aksiya isə dediyimiz kimi, yalnız jurnalistləri əhatə edirdi, həm kişi, həm qadın həmkarlarımız bu aksiyadan yararlandı. Bir ay ərzində 300 nəfər jurnalistimiz "check up" (tam müayinə) olundu. Ondan sonra düşündük ki, davam edək, ya yox, lakin çoxsaylı müraciətlər gəldi ki, davamı olsun. Bu il aksiyanın yalnız qadın jurnalistləri əhatə etməsinin səbəbi o oldu ki, ötən ilki bir aylıq aksiyada xanım həmkarlarımızın bir çoxuna növbə çatmayıb. Qarşıdan müqəddəs Qurban Bayramı gəlir və hər kəs çalışır ki, bir savab iş görsün. Biz də AJQA olaraq "Xətai" klinikasının rəhbərliyinə müraciət etdik və çox böyük təşəkkür edirik təklifimizi müsbət qarşıladıqları üçün".
Qeyd edək ki, aksiyada iştirak edən xanım jurnalistlər döş, zob, qarın boşluğunun ultramüayinəsindən və qan analizlərindən yoxlamalardan keçiblər. S.Yusifova onu da bildirib ki, aksiyada iştirak üçün əlavə müraciətlər olarsa, müddət uzadıla bilər: "Çalışacağıq ki, müraciət edənlərin hamısı bu aksiyadan yararlansın. Əgər davam edəsi olsaq, növbəti müayinə bayramdan sonrakı günlərdə davam edəcək".
AJQA rəhbərinin sözlərinə görə, günortayadək müayinədən keçən təxminən 15-dən çox xanım jurnalistin əksəriyyətində zob xəstəliyinin ya özü, ya da qalxanvari vəzin sturukturunda dəyişmə aşkarlanıb: "Düzdür, mən mütəxəssis deyiləm, lakin düşünürəm ki, bu, peşədən irəli gələn bir xəstəlikdir. Bildiyiniz kimi, jurnalistika kifayət qədər stressli və gərgin bir peşədir, stress isə bir çox xəstəliklərin yaranmasında bir nömrəli amildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB