BMT-dən “xoşbəxt saat”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakı ofisində uşaq, yeniyetmə və gənclər üçün "xoşbəxt saat" adlı tədbir təşkil edib. SİA-nın məlumatına görə, BMT Gününə həsr olunan tədbirin əsas məqsədi valideyn himayəsindən məhrum olan və əlilliyi olan uşaq və gəncləri, o cümlədən müxtəlif orta məktəb şagirdlərini bir araya gətirərək BMT haqqında maarifləndirmək və dünyanın hər yerində qeyd olunan bayramı Azərbaycan gəncləri ilə birgə keçirməkdir.

Tədbir zamanı gənclər səhnəcik, mahnı və rəqs nömrələri nümayiş etdirib, yeni dostları ilə ünsiyyət qurublar. Eyni zamanda, tədbir proqramında BMT-nin tarixi, gördüyü işlər və dəyərləri haqqında maarifləndirici film nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, bu ilki BMT Günü təşkilatın yaranmasının 67-ci il dönümünü qeyd edir. Bu əlamətdar gün ilk dəfə 1948-ci ilin oktyabr ayında qeyd edilib və illər boyu təşkilatın nailiyyətlərini, hədəflərini və onun insan hüquqlarının qorunması, qlobal aclığın, xəstəliklərin aradan qaldırılması, sağlamlığın təmin edilməsi və qaçqınların məskunlaşma məsələləri ilə məşğul olan ixtisaslaşmış agentliklərin gördüyü işləri əks etdirən görüşlər, müzakirələr və sərgilər vasitəsilə qeyd edilir.

Qeyd edək ki, Azərbaycan 1992-ci il, martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub və bir neçə ay sonra Birləşmiş Millətlərin Bakıdakı ofisi təsis edilib. BMT Azərbaycanda, 19 ixtisaslaşmış agentlik və proqramı vasitəsilə idarəçiliyi yaxşılaşdıracaq, yoxsulluğun azaldılmasına nail olacaq, insan hüquqlarına hörmət edilməsini və gender bərabərliyini təmin edəcək, həmçinin insanların əsas sağlamlıq və təhsil ehtiyaclarını qarşılaya biləcək bir mühit yaradaraq ölkənin inkişafına dəstək olur.

Könül Cəfərova

Bütün xəbərlər Facebook səhifəmizdə