Kəşmirin Qara Günü Bakıda yad edildi

Kəşmirin Qara Günü Bakıda yad edildi

Bu gün Pakistanın Azərbaycandakı Səfirliyi tərəfindən Kəşmirin Qara Gününə həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Pakistanın Azərbaycandakı səfiri İnayətullah Kakar, millət vəkilləri Qənirə Paşayeva, Musa Quliyev və digər ictimai-siyasi xadimlər iştirak edib.

Səfir İnayətullah Kakar çıxışı zamanı Kəşmirin matəm günü barədə ətraflı məlumat verib. O bildirib ki, bütün dünyada Jammu və Kəşmir xalqı 27 oktyabr tarixini matəm günü kimi qeyd edir. Məhz bu gün Hindistan silahlı qüvvələri Kəşmirə daxil olaraq torpaqları işğal ediblər.

"Pakistan və Hindistan arasında yaranan Kəşmir mübahisəsi öz kökü ilə 1947-ci ilə-Britaniya Hindistanın iki ayrı müstəqil dövlətə bölünməsinə dayanır. Bu gün Kəşmir mübahisəsi Pakistan və Hindistan münasibətlərində gərginlik yaradır. Pakistan hər zaman Kəşmir xalqının arzu və istəkləri əsasında məsələni həll etməyə davam edəcək. Heç bir şübhəmiz yoxdur ki, Kəşmir xalqı nəticədə öz taleyini həll edə biləcək, represiya və ədalətsizlikdən sonra sülh, əmin-amanlıq olacaq. Pakistan inanır ki, Hindistan qoşunlarının Kəşmirdən çıxarılması ilə on illərdir davam edən qəddarlıqlara son qoyulacaq və insanlar öz topaqlarında rahat şəkildə yaşaya biləcəklər".

Səfir həmçinin qeyd edib ki, Pakistanla Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıqlar mövcuddur. Onun sözlərinə görə, bununla yanaşı, hər iki ölkənin torpaqları işğal olunub və mühüm problem yaşayır: "Pakistan Dağlıq Qarabağ probleminin həll edilməsində hər zaman Azərbaycanın yanındadır və onu həyata keçirdiyi siyasəti dəstəkləyir".

Millət vəkili Musa Quliyev də Pakistanın Azərbaycana ən yaxın dost ölkələrdən biri olduğunu deyib. O bildirib ki, Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra bunu tanıyan ilk ölkələrdən biri də məhz Pakistan olub: "Azərbaycan-Pakistan münasibətləri son 20 ildə yüksələn xətlə inkişaf edir. Azərbaycan dövləti və xalqı da bu dostluq münasibətlərinə hər zaman yüksək qiymət verir".

Millət vəkili Qənirə Paşayeva da çıxışında Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, əməkdaşlıq əlaqələrinə yüksək qiymət verdiyini deyib. Onun sözlərinə görə, Pakistan ilk gündən etibarən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz etiraz səsini ucaldıb. Hətta bu günə kimi Pakistanda Ermənistan səfirliyi açılmayıb. Pakistan parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edərək ermənilərin törətdikləri cinayətləri pisləyib. Bütün bunların hamısı Pakistan tərəfdən Azərbaycana verilən dəyərin göstəricidir".

Tədbirin davamında Pakistanın tarixi və Kəşmir hadisələrinə həsr olunan film göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə