Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə "Qadın hüquqları üzrə bələdçi" kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Almaniya Beynəlxalq Əməkdaşllıq Cəmiyyətinin "Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarına dəstək proqramının qrup rəhbəri Şalva Papuaşvili, Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova, AMEA-nın, ombudsman aparatının, QHT-lərin nümayəndələri iştirak ediblər.
Geniş oxucu kütləsi üçün hazırlanan bu nəşr həm hüquqi yardıma ehtiyacı olan qadınlara, həm də gənc hüquq müdafiəçilərinə yardımçı ola bilər. Səkkiz bölmədən ibarət kitabda ailə münasibətlərində qadın hüquqları, qadınların əmək hüquqları, məişət zorakılığı və digər mühüm məsələlər işıqlandırılıb.
Hicran Hüseynova kitabın tək qadınlar üçün deyil, həm də hüquqşünasların istifadəsi üçün nəzərdə tutulduğunu bildirib: "Azərbaycan bir çox sahələrdə güclü inkişafa malikdir. Ölkənin əhəmiyyətli qanunları var. Lakin bu qanunlara riayət edən insanlar azlıq təşkil edir. Kitabı nəşr etməkdə məqsədimiz qadın hüquqları ilə bağlı qanunlarımızı bir daha insanların diqqətinə çatdırmaqdır. Ümid edirəm ki, bu kitabdan bir sıra universitetlərin Hüquq fakültələrində istifadə olunacaq".
Daha sonra Şalva Papuaşvili bildirib ki, insan öz hüquqlarını bilsə yaxşı yaşamağa nail olacaqlar. Onun sözlərinə görə, bu nəzəriyyə real həyatda öz əksini tapıb: "İnsan anadan olur və onun həyatının əsas hissələri qanunlarla tənzimlənir. Öz hüquqlarımızı bilsək onda müasir həyatda qarşılaşdığımız bir sıra qanunsuzluqlarla mübarizə apara bilərik. Bizim cəmiyyətimiz artıq 13 ildir ki, Azərbaycanla əməkdaşlıq edir. Bu gün təqdim olunan kitab da Cəmiyyətimiz tərəfindən dəstəklənir".
Tədbirdə digər qonaqlar da kitab haqqında öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu kitab vasitəsilə oxuculara qadınların ailədə, işdə, cəmiyyətdə üzləşə biləcəkləri müxtəlif vəziyyətlərdə necə hərəkət etməli olduqları izah ediləcək.
Sonra tədbir müzakirələrlə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB