Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında 2012-2013–cü illər üçün imzalanmış Birgə İş Planı üzrə layihə çərçivəsində birinci mərhələdə həyata keçirilən tədbirlər başa çatıb. SİA-nın xəbərinə görə, layihəyə əsasən, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların vəziyyətinin öyrənilməsinə dair, habelə qanunla ziddiyyətdə olan uşaqlara qarşı işgəncə və pis rəftar hallarının öyrənilməsi ilə bağlı araşdırma aparılıb. Həmçinin Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutlaşma) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) həyata keçirilməsi vəziyyətinin öyrənilməsi məqsədilə təsisat tərəfindən monitorinq keçirilib.
Masallı, Lənkəran, İmişli, Fizuli, Mingəçevir, Gəncə, Quba və Qusardakı 24 orta ümumtəhsil məktəbində uşaq hüquqları üzrə pilləli tədris layihəsi üzrə təqdimatlar keçirilib, həmin məktəblərin müəllimləri layihə haqqında məlumatlandırılıblar. Əvvəlki illərdə YUNİSEF tərəfindən yaradılıb, sonradan Təhsil Nazirliyinin balansına verilən Gənclər Resurs Mərkəzlərinin fəaliyyətinin monitorinqi həyata keçirilib. Bu mərkəzlərdə uşaq hüquqları mərkəzlərinin yaradılması qərara alınıb. Layihə çərçivəsində Bakıda, habelə Abşeron, Sumqayıt, Lənkəran, Masallı, Cəlilabad, Gəncə, Mingəçevir, Quba, Şəki və Xızıda yerləşən Uşaq və Gənclər Yaradıcılıq Mərkəzlərində monitorinq və Bakı, Abşeron, Sumqayıt, Lənkəran, Masallı, Cəlilabadda yerləşən mərkəzlərdə isə uşaq hüquqları və sağlam həyat tərzi üzrə təlimlər keçirilib.
Hazırda layihənin ikinci mərhələsi həyata keçirilməkdədir. Bu mərhələ çərçivəsində De-institutlaşma və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) həyata keçirilməsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq davam etdirilir, adıçəkilən məktəblərdə uşaq hüquqları üzrə pilləli tədris layihəsi üzrə məşğələlər həyata keçirilir. Bununla yanaşı respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün Uşaq və Gənclər Yaradıcılıq Mərkəzlərinin monitorinqi, həmin mərkəzlərdə uşaq hüquqları və sağlam həyat tərzi üzrə təlimlərin keçirilməsi və orada uşaq hüquqları mərkəzlərinin yaradılması istiqamətində işlər aparılmaqdadır. Adıçəkilən araşdırmaların və monitorinqlərin nəticələri və mövcud sahədə olan problemlərin aradan qaldırılması istiqamətində irəli sürülən təklif və tövsiyələr aidiyyəti qurumlara göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB