Sabah “Ədəbi Nobel Antologiyası"nın təqdimatı olacaq

Sabah “Ədəbi Nobel Antologiyası"nın təqdimatı olacaq

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və İctimai Birliyinin dəstəyi ilə çap olunmuş "Ədəbi Nobel antologiyası" sabah Nobel qardaşlarının Bakıdakı ev-muzeyi "Villa Petrolea"da ictimaiyyətə təqdim olunacaq. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkil edəcəyi təqdimat mərasimində Nobel ailəsinin üzvləri, millət vəkilləri, tanınmış ziyalılar, ədəbi ictimaiyyətin və KİV-in təmsilçiləri iştirak edəcək.

Qeyd edək ki, layihənin rəhbəri və ön sözün müəllifi milllət vəkili dr. Qənirə Paşayeva olan antologiyanı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib. Antologiyanın redaktorları şair Nurafiz və yazıçı-publisist Əkbər Qoşalıdır. "Qanun" Nəşrlər Evində nəfis tərtibatla çap olunmuş 816 səhifəlik antologiyada dünyanın ən nüfuzlu ədəbi ödülü olan Nobel ödülünün təsis edilməsindən keçən 110 il ərzində bu şərəfə layiq görülmüş insanların yaradıcılığı təqdim olunub. Antologiyada müəlliflərin həyat və yaradıcılığı haqqında yığcam bilgilər də yer alır.

Əhatə miqyasına və ədəbi örnəklərin seçiminə görə nadir olan "Ədəbi Nobel" Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə imkan verəcək nəşrlərdəndir. Bu il görkəmli Azərbaycan yazıçısı prof.dr. Kamal Abdullanın sözügedən ödülə namizəd kimi qeydə alınması da Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ilə gərəkli təması olaraq başa düşülməlidir.

Antologiyaya daxil edilmiş əsərlər ingilis, rus, ərəb, alman, ispan və başqa dillərdən çevirmiş, bir bölümü isə Türkiyə türkcəsindən uyğunlaşdırılmışdır. Henrix Senkeviçdən (1905) Mario Varqas Lyosaya (2010) qədər Nobel ödülünü almış 67 ünlü yazıçının yaradıcılığından örnəklər, Xalq Yazıçısı Elçinin, mərhum Natiq Səfərovun, Vilayət Hacıyevin, Fərhad Əliyevin, prof.Cəlil Nağıyevin, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin, Azad Yaşarın, Ramiz Abbaslının, Aslan Quliyevin, Nərgiz Cabbarlının, Akif Əliyevin, Həmzəli İlyasın, şəhid şair Ülvi Bünyadzadənin, Svetlana Quliyevann, Ülkər Nəsibbəylinin, Günel Ramazanqızının çevrisində Azərbaycan oxucusuna çatdırılır. Gələcəkdə antologiyanın ikinci – poeziya örnəkləri toplanmış cildini nəşr etmək də nəzərdə tutulub.

Millət vəkili Q.Paşayevanın yazdığı "önsöz"də haqlı olaraq qeyd edildiyi kimi, "Ədəbi Nobel antologiyası" hər bir Azərbaycanlının evində, ən azı hər bir oxucumuzun əli çatan kitabxanada olmalıdır. Bu, bir güldəstədir, sözlə çəkilmiş gözəllik tablosudur, sənət əsəridir – bu güldəstə, bu tablo böyük qələmlərin ortaq işidir: hərə bir ilmə, bir naxış vurub, bir rəng qatıb ümumi ƏDƏBİ NOBEL portretinə çevrilib və nəticədə bənzərsiz antologiya yaranıb!.."

Bütün xəbərlər Facebook səhifəmizdə