Qurban bayramının fəzilətləri...

Qurban bayramının fəzilətləri...

Müsəlmanların müqəddəs Qurban bayramına cəmi bir neçə gün qalıb. SİA-nın xəbərinə görə, adından göründüyü kimi, bu gün bilavasitə qurban kəsməklə bağlıdır. Qurban bayramında imkanlı şəxslərin qurban kəsərək kasıb insanlara paylaması çox vacibdir.

Qurban bayramı və qurban kəsməyin fəzilətlərini isə Cümə məscidinin axundu Hacı Surxay Məmmədlidən öyrənməyə çalışdıq. H.Surxay SİA-ya açıqlamasında deyib ki, Qurban kəsmə mərasimi müqəddəs Həcc ziyarətinin ən yüksək məqamı hesab olunur. Ziyarətdə olanlar üçün şeytanı daşlama mərasimindən sonra qoyun kəsmək vacib sayılır. Həccdə olmayanlar üçün isə bu, maddi imkanla bağlıdır. Belə ki, imkansızların borc alıb heyvan kəsməsi doğru sayılmır.

"Qurbanlığın çox qədim tarixi var. Həzrəti İbrahimlə bağlı olan tarix bu günə kimi yaşayır. Qurbanlıq o şəxslərin boynudadır ki, onların qurban kəməyə imkanları olsun. Onlar qurbanı kəsməklə ehtiyacı olan insanlarla yardımlaşmalı və onlara köməklik göstərməlidir. Bir ildən yuxarı qoyun, iribuynuzlu heyvanlar kəsiləcək. Bu heyvanların sağlam olaraq kəsilməsi vacib şərtdir. Bu qurbanlığa layiq olan heyvan olmalıdır. Buna görə də heyvana suyun verilməsi, başının üstündə duanın oxunması savabdır. Əgər heyvan iri həcmlidirsə, 80-90 kq ət verə bilərsə, buna bir neçə adam şərik ola bilər. Hər bir adam yaxşı olar ki, 3 və ondan yuxarı sayda insanlara bu əti paylasın. Qurban əti əsasən 3 bölümdən ibarət olmaldır: bir bölüm insanın öz ailəsinə, digər bölüm qonşulara, digər bölüm isə ehtiyacı olan yaxınlara verilməlidir. Qurbanın əti gözəl şəkildə paylanmalıdır. Süfrədə haram şeylər olmamalıdır. Ehiyacı olan insanlara bu qurban ətindən verilməsi ən vacib məsələlərdən biridir. Elə insanlar var ki, onları aylarla, illərlə ət yemir. Ən azından onları bu bayramda sevindirmək ən böyük savab olardı. İmkanı olan şəxs əti verərkən onun yanında müəyyən ərzağını da versin. Çünki həmin şəxs qurbanlıq payını alandan sonra fikriləşməsin ki, ət varsa da onu hazırlamaq üçün digər məhsullar yoxdur. İmkan daxilində onlara kömək etmək lazımdır ki, bayramı yüksək səviyyədə keçirsinlər", - deyə o əlavə edib.

H.Surxay bayramda hansı heyvanların kəsilməsinə də münasibət bildirib. O qeyd edib ki, bayramda qoyun, iribuynuzlu heyvanlar, inək, hətta dəvə kəsilə bilər: "Amma dişi heyvanın kəsilməsi məqbul deyil. Ona görə də heyvanın sağlamlığı ilə yanaşı erkək olması da mütləqdir. Qurbanlıq üçün hər şey ədəb qaydaları ilə olmalıdır. Qurbanın kəsilməsi, bölünməsi və paylanması zamanı ədalət qorunub saxlanmalıdır. Qurbanlıq o zaman qəbul olunar ki, yalnız Allah rizası üçün kəsilsin. Burada hər hansı bir qoyunun, malın kəsilməsi əsas deyil. Burada əsas şərt təqva ilə Allaha yaxınlaşmaqdır. Hər hansı bir qoyunu Allah rizası üçün kəsirsənsə, bu özü təqva və Allaha yaxınlaşmaq deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə