2013-cü ildə ən azı 1500 ailə ipotekadan yararlanmaqla öz mənzil problemlərini həll edəcəklər
İqtisadçı-ekspert Vüqar Bayramlının SİA-ya müsahibəsi:
Bildiyimiz kimi, bu günlərdə 2013-cü ilin dövlət büdcəsi hökumət tərəfindən təsdiqlənərək Milli Məclisə təqdim edilib. Gələn il üçün nəzərdə tutulan dövlət büdcəsində bir sıra sahələr üzrə artımlar müşahidə edilir. İqtisadçı-ekspert Vüqar Bayramlı gələn il üçün nəzərdə tutulan dövlət büdcəsini ətraflı şəkildə şərh edib.
- Vüqar müəllim, 2013-cü ilin dövlət büdcəsi 2012-ci ilin dövlət büdcəsindən nə ilə fərqlənəcək?
- 2013-cü ilin dövlət büdcəsi 2012-ci ilin dövlət büdcəsi ilə müqayisədə gəlir və xərclərin daha yüksək olması ilə diqqəti çəkir. 2013-cü ilin dövlət büdcəsinin gəlirləri 19, 2 milyard manat, xərcləri isə 19, 8 milyard manat olacaq. Praktiki olaraq, 2013-cü ilin dövlət büdcəsinin gəlirləri 2012-ci illə müqayisədə 13%, 2011-ci illə müqayisədə isə 30% çoxdur.
- Gələn il Azərbaycanın dövlət büdcəsini digər qonşu ölklərin dövlət büdcəsi ilə müqayisə etdikdə, hansı fərqləri görərik?
- 2013-cü ilin dövlət büdcəsi 25 milyard dollara yaxındır. Müqayisə üçün deyim ki, 2013-cü ildə Ermənistanın dövlət büdcəsi 3,4 milyard dollar təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət büdcəsi 5, 2 milyard dollar olacaq. Bu da ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstandan 5 dəfə çoxdur. Ümumilikdə, 2013-cü ildə Azərbaycanın dövlət büdcəsi Ermənistan və Gürcüstanın birgə dövclət büdcəsindən 4 dəfə çox olacaq ki, bu da region iqtisadiyyatının 80%-nin Azərbaycan iqtisadiyyatının payına düşməsindən xəbər verir.
- Büdcə gəlirlərinin artması büdcədən maliyyələşən hansı istiqamətlərdə daha çox artımın olmasına şərait yaradacaq?
- Büdcə gəlirlərinin artması büdcədən maliyyələşən istiqamətlər üzrə xərclərin də praktik olaraq artmasına gətirib çıxarır. 2013-cü ildə dövlət büdcəsi xətti ilə 19,8 milyard manat xərclənəcək ki, bunun da əhəmiyyətli hissəsi sosial infrastruktur və müdafiə xərclərinə yönəldiləcək. Belə ki, 2013-cü ildə müdafiə məqsədilə 2 milyard manata yaxın vəsait Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldiləcək. Bunun da 1,5 milyard manatı birbaşa müdafiə qabiliyyətinin yüksəldilməsinə, 500 milyon manatı isə müdafiə qabiliyyəti ilə bağlı müxtəlif layihə və proqramların icrasına yönəldiləcək.
Təhsil və səhiyyə xərclərində də artımlar var. Bütövlükdə təhsil xərclərinin məbləği 2013-cü ildə 1,6 milyard manat olacaq. Bu da əvvəlki dövrlə müqayisədə 12% çoxdur. Eləcə də sosial sferaya ayrılan xərclərin miqdarında artımlar var. Azərbaycanın dövlət büdcəsinin xərclərinin təxminən 1/3-i sosial yönümlü olacaq. 2013-cü ilin dövlət büdcəsinin gəlir və xərcləri əmək haqları və təqaüdlərin artırılmasına şərait yaradacaq. 2013-cü ildə sosial yönümlü ödənişlərin təxminən 20% artımı nəzərdə tutulur ki, bu da kifayət qədər ciddi rəqəmdən xəbər verir.
- Gələn il dövlət büdcəsinin artırılması ipotekada hansı dəyişikliklərə səbəb olacaq?
- Gələn ilin dövlət büdcəsi müxtəlif sosial layihələrin, eləcə də ipoteka proqramlarında vəsaitlərin artması ilə yadda qalır. 2012-ci ildə sosial ipoteka proqramının maliyyələşdirilməsi ilə bağlı 20 milyon vəsait ayrılmışdı. 2010-cu ildə bu rəqəm 14 milyon manat idi. 2013-cü ildə bu istiqamətə 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da praktiki olaraq 2012-ci illə müqayisədə sosial ipoteka kreditlərinə ayrılan vəsaitin 2,5 dəfə artması deməkdir. Eləcə də dövlət büdcəsinin ipoteka proqramı çərçivəsində 2013-cü ildə ən azı 1500 ailə ipotekadan yararlanmaqla öz mənzil problemlərini həll edəcəklər.
Bundan əlavə, adi ipoteka kreditlərinə ipoteka istiqrazının yerləşdirilməsi nəticəsində 80 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu da ondan xəbər verir ki, 2013-cü ildə təxminən 6 minə yaxın ailə ipoteka kreditindən yararlanaraq öz mənzil problemini həll etmiş olacaq. Bütövlükdə 2013-cü ilin gəlir və xərcləri göstərir ki, sosial proqram və infrastruktur layihələrinin həyata keçirilməsi baxımından maliyyə bazası formalaşdırılır. Bütövlükdə, 2013-cü il həm əmək haqqlarının artırılması, həm də infrastruktur layihələrinə ayrılan vəsaitin həcminin artırılması ilə yadda qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB