"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllının SİA-ya müsahibəsi:
- Qurum payız- qış mövsümünə necə hazırlaşır?
- "Azərsu" ASC tək payız- qış mövsümünə deyil, eləcə də yaya hazırlaşır. Artıq yayı uğurla başa vurmuşuq. Xüsusi ilə qeyd edim ki, bu yay ötən illə müqayisədə əhalinin su təchizatında xeyli irəliləyişlər oldu. Həm fasiləsiz su alanların artımında böyük fərq oldu, həm də su təchizatı yaxşılaşdırılan əhalinin sayı çoxaldı. 2012-ci ilin geridə qalan 9 ayında Bakı şəhəri və Abşeronda 330 minə yaxın insanın fasiləsiz su təchizatı təmin olunub. Hansı ki bu insanlar əvvəllər ancaq səhər- axşam su ilə təmin olunurdular. Bundan əlavə, 400 mindən artıq insan 2 gündən bir su alır. Bütün bunları nəzərə alıb payız- qış mövsümündə işimizi iki istiqamətdə davam etdirəcəyik. Bu dövrlər əsasən yağış sularının axıdılmasında kanalizasiya xətlərində problemlər olacaq. Problemlərin qarşısını almaq məqsədi ilə tədbirlər görmüşük. Diqqətinizə çatdırmaq istəyirəm ki, 2012-ci ilin 9 ayı ərzində təkcə Bakı şəhərində 50 km-dən artıq kanalizasiya kollektorları və xətləri tikilib. Tikilən yağış drenaj sisteminin uzunluğu isə 13 km-ə yaxındır. Ətraf ərazilərlə yanaşı, Bakı şəhərində gördüyümüz ən böyük layihələrdən biri Həsən Əliyev küçəsi üzrə 1400 mm diametrində 5,5 km-ə yaxın kollektorun çəkilməsi idi. Artıq bu işin böyük bir hissəsi görülüb. Keşlə bazarının qarşısında həmin ərazidə tunel qurulub və bu işlər başa çatandan sonra Bakı şəhərinin şimal hissəsində yaranan çirkab suları, eləcə də yağış sularının axıdılmasında irəliləyişə nail olacağıq. Bununla da çirkab və yağış sularını ayırıb axıda, intensiv yağıntılar zamanı yağış sularını birbaşa Xəzər dənizinə yönəldə biləcəyik.
- Yağış yağarkən Bakının bəzi ətraf ərazilərində gölməçələr yaranır. Yağış sularının bu kimi fəsadlara yol açmaması üçün hansı hazırlıq işləri görülür?
- İntensiv yağışlar baş verən zaman Bakı şəhərinin bəzi küçə və prospektlərində gölməçələr əmələ gəlirdi ki, bu da həm piyadalar, həm də avtomobillərin hərəkətinə mane olurdu. Bununla bağlı ilin əvvəllərində mütəxəssislərimiz gecə və gündüz saatlarında yağışların intensiv vaxtı monitorinq apardılar. Nəticədə məlum oldu ki, 60-dan çox küçə və prospektlərdə yağış sularının artması ilə bağlı ciddi problem var. İlk növbədə layihələrimizi həmin ərazidə həyata keçirdik. Ümumiyyətlə, qarşıda duran əsas vəzifəmizdən biri də Bakı şəhərinin hər bir küçə və prospektində yağış barmaqlıqları quraşdırılması və yağış sularının axıdılması üçün xətlər çəkilməsidir. Bu istiqamətdə işlərimiz bundan sonra da davam edəcək. Layihəmiz hazırlanır. Bilirsiniz ki, bu gün Bakı şəhərinin küçə və prospektlərinin cəmi 11 %-də yağış sularının toplanması üçün barmaqlıqlar və xətlər var. Gələcəkdə bu göstəricini 100 faizə çatdırmağı hədəf olaraq götürmüşük.
Bundan əlavə, payız- qış mövsümündə kanalizasiya xətlərinin tutulmaması, ora axıdılan çirkab və digər məişət tullantı sularının normal daşınması üçün xətlərin yuyulması işlərini həyata keçiririk. Payız- qış mövsümünə hazırlıqla bağlı 17 km-dən çox iri diametrli tullantı sularının kollektorlarını təmizləmişik. 287 quyuda işlər aparmışıq. 300 km-dən çox təsərrüfat mərkəz xətlərinin təmizlənməsi işləri həyata keçirilib. Təxminən 12 mindən çox yağış barmaqlıqları təmizlənib. Təmizlənən quyuların sayı isə 18 minə yaxındır. İşlərimiz mütəmadi olaraq davam edir.
Onu da qeyd edim ki, payız mövsümündə ağacların yarpaqlarının tökülməsi də kanalizasiya xətlərində müəyyən problemlər yaradır. Bununla yanaşı, tikinti zamanı qum, çınqıl, torpaq da kanalizasiya xətlərində fəsadlar yarada bilər. Bu fəsadların qarşısını almaq üçün kanalizasiya xətlərinin yuyulması prosesini həyata keçiririk. Bu gün Bakıda 20-ə yaxın obyektdə yeni su xətlərinin çəkilişi davam edir. Məhəmmədi, Bilgəh, Binə, Binəqədi, Qobu və Bakıxanov küçəsində bu istiqamətdə işlər həyata keçirilib.
- Qış mövsümündə su sayğaclarında donma halları baş verir. Bunun qarşısını vaxtında almaq üçün nə məsləhət görürsünüz?
- Bu hal ən çox həyət evlərində baş verir. Həyət evlərində və qeyri-əhali qrupunda olan abunəçilərə müraciət edib deyirəm ki, qış mövsümündə şaxtalarla əlaqədar onların sayğaclarında dondurulmalar və sıradan çıxma halları müşahidə oluna bilər. Buna görə də sayğaclarının ətrafına soyuqdan qorunmaq üçün apilkalardan və ya xüsusi nəzərdə tutulan parçalardan istifadə edə bilərlər. Əgər çətinlikləri varsa, o zaman "Azərsu" ASC-nin əməkdaşlarına və ya yerli su kanal idarəsinə müraciət edə bilərlər. Bildiyiniz kimi, əgər abunəçilərin evlərində su sayğacların sıradan çıxma halları baş verirsə, onların yenisi ilə əvəz olunması qurumumuzun hesabına olur.
- Fasiləsiz suyun verilməsi hansı ərazilərə aid ediləcək?
- Nəzərinizə çatdırım ki, bu günə qədər Yasamal, Nəsimi, Binəqədi rayonlarının böyük bir hissəsində su təchizatına nail olmuşuq. Cari ilin mart ayında 6-cı, 7- 8- 9-cu mikrorayonun bir hissəsi, Köhnə Varovski və M. Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin fasiləsiz su təminatına nail olduq. May ayında isə Hövsan qəsəbəsinə tamamilə fasiləsiz su verildi. Bu istiqamətdə tədbirlərimiz yenə də davam edir. Bu ilin sonuna qədər isə Xətai, Nizami və Sabunçu rayonlarının bir hissəsi, Yeni Günəşli qəsəbəsinin bir hissəsində bu işlərin həyata keçirilməsinə nail olmağı düşünürük. Bu istiqamətdə əsas layihəmiz şəhərin şərq hissəsində yerləşən 69 və 110 şərq anbarlarında çıxış kollektorlarının yenidən qurulması və nasosların gücünün artırılmasıdır. Artıq 69 şərq anbarında işlər yekunlaşıb. Təxminən 2 aya yaxın 110 şərq anbarında da işlər yekunlaşacaq.
- Əhali işçilərinizdən şikayət edir. Deyilənə görə, onlar sayğacda göstəriləndən artıq qiymət tələb edirlər. Buna səbəb nədir?
- Belə şikayətlər bizə də gəlir. Bu Bakı şəhərində iki səbəbdən baş verə bilir. Birinci səbəb, bizim nəzarətçilərin səhlənkarlığına görə ola bilər. Çünki nəzarətçimiz gedir abonentin evinə qapını döyür, ancaq açan olmur. Ya abonent evdə yoxdur, ya da bilərəkdən qapını açmır. O özündən çek yazır buna görə də əlavə borc yarana bilir.
- Sayğacların əksəriyyəti bildiyimizə görə, evin kənarında yerləşməlidir...
- Elə deyil. Bu gün Bakı şəhərində sayğacların 90 faizi mənzilin daxilindədir. Vətəndaş qapını açmır ki, sayğaca üzərindəki göstəriciyə uyğun olaraq da qiymət yazaq. İkinci halda isə, bizim nəzarətçilər dəfələrlə gedib evə müraciət edirlər. Qapını döyürlər, vətəndaşlar özü qapını açmır. Əksər hallarda isə evdən sayğacın göstəricisinə baxıb deyirlər. O zaman isə sayğac göstəricisində artıq litrlə ifadə olunan hissəsini kub metr kimi deyir və nəticə etibarilə səhv anlaşılma baş verir. Buna görə də həmin rəqəmlər kompüter bazasında səhv hesablanır və belə problemlər yaşanır. Bununla bağlı "Azərsu" ASC-də xüsusi komissiya fəaliyyət göstərir. Vətəndaşlardan xahiş edirəm ki, belə hallarda yerli kanal su departamentinə müraciət etsinlər. Əgər onların problemini yerli su kanal departamenti də həll edə bilməyəcəksə, o zaman bizim quruma müraciət edə bilərlər. Müraciətlərə baxılıb araşdırmalar aparılacaq. Əgər həqiqətən də anlaşılmazlıqdan borc yaranıbsa, o zaman borclar silinəcək. Yox əgər həqiqətən borclar düz yazılıbsa, vətəndaşdan borcun ödənilməsi tələb olunacaq.
- "Azərsu" ASC-yə yeni kadrların cəlb edilməsi ilə bağlı iş elanları verilir. Bu yeni iş yerlərinin açılması, yoxsa peşəkar kadrlara ehtiyac olduğundan xəbər verir?
- Burada iki məsələ var. Bizim yeni iş yerlərinin açılması prosesi gedir. Bilirsiniz ki, "Azərsu" ASC geniş miqyaslı layihələr həyata keçirir. Təbii ki, bu işlərin fiziki həcmi artdıqca işçilərə də tələbat artır. Diqqətinizə bir məsələni çatdırım ki, yığımda şəffaflığı artırmaq, nəzarətçilərin normal davranışı, əhaliyə normal xidmət göstərilməsi üçün işçilərimizin sayı təxminən 30,40 % artırıldı. Əgər işçi vəzifəsini layiqincə icra edə bilmirsə o zaman getməlidir. Buna görə də insan resursları şöbəsi vasitəsi ilə işçilər cəlb edirik ki, daha savadlı və peşəkar işçilər seçək və onlarla müqavilə bağlayaq.
- Ən çox ehtiyac görülən sahə hansıdır?
- Bizdə bu gün ən çox tələb olunan peşə və ixtisaslar hidrotexniki qurğuların tikintisi və istismarı sahəsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB