Bu gündən etibarən Milli Televiziya və Radio Şurası (MTRŞ) Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyində yeni regional radio yayım proqramının açılması üçün müsabiqə başlayır. SİA-nın xəbərinə görə, müsabiqə 22 oktyabrdan 22 noyabra qədər davam edəcək. Müsabiqədə Azərbaycan Respublikası vətəndaşı olmayan və nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər, ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər; fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, siyasi partiyalar və dini qurumlar iştirak edə bilməzlər.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1.Yayım üzrə xüsusi razılıq (lisenziya) almaq üçün müəyyən olunmuş qaydada ərizə (ərizə formasını Milli Televiziya və Radio Şurasından əldə etmək olar);
2.Teleradio yayımı kanalının fərqləndirici nişanı (telestudiyanın emblemi);
3.İddiaçının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti və təsis müqaviləsi (təsisçilərin sayı 1-dən çox olduğu halda);
4.Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;
5.Yayımın proqram konsepsiyası;
6.Kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış;
7.Radio verilişlərinin hazırlanmasında və yayınlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı əlavələr doldurulmaqla);
8.Balansın (01 saylı forma) surəti;
9.Əsas vəsaitlərin balans üzrə siyahısı(ilkin və qalıq dəyəri ilə);
10.İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
11.Radio yayımçısının istifadə edəcəyi ötürücü qurğunun texniki tərəfləri;
12.Təsisçinin əmək fəaliyyətini əks etdirən geniş tərcümeyi-halı;
13.Müsabiqədə iştirak etmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödəniş.
Müsabiqə üçün tələb olunan sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunmalıdır. Sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə Milli Televiziya və Radio Şurasına təqdim olunmalıdır. Sənədlər 7 nüsxədə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək üçün birdəfəlik ödəniş geri qaytarılmır.
Müsabiqə üçün tələb olunan sənədlər 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) Milli Televiziya və Radio Şurasının inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB