Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ötən illərdə olduğu kimi, bu il də BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikada "Uşaq hüquqları aylığı" keçirmək təşəbbüsünü irəli sürüb. SİA-nın xəbərinə görə, bu il ölkə tərəfindən bu mühüm sənədin ratifikasiya edilməsindən 20 il, onun Fakültativ Protokollarına qoşulmasından isə 10 il ötür. Bu illər ərzində respublikamızda uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi və hüquqi islahatlar həyata keçirilib, bu sahədə mühüm qanunvericilik aktları və dövlət proqramları qəbul edilib.
Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin yaxşılaşdırılması və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır. Hər il aylıq çərçivəsində ölkənin şəhər və rayonlarında, təsisatın, o cümlədən Ombudsmanın Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, QHT və KİV-lərin nümayəndələri, icmalar tərəfindən müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarların keçirilir, orta məktəblərdə, uşaq müəssisələrində uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur. Aylıq çərçivəsində bir sıra görülən işlərlə yanaşı Müvəkkilin təşəbbüsü, Təhsil Nazirliyinin razılığı ilə Bakı şəhərinin 11 rayonunda həyata keçirilən Uşaq hüquqları üzrə Pilləli Tədris Layihəsini uğurla bitirmiş şagirdlərə sertifikatlar təqdim ediləcək.
Qeyd olunmalıdır ki, Müvəkkil bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT-lərə və digər qurumlara aylıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciət ünvanlanıb. Müvəkkil uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi ilə məşğul olan hər bir qurumu aylığa qoşulmağa dəvət edir və uşaqlarla bağlı bütün tədbirlərdə onların iştirakının təmin olunmasına çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB