Cənubi azərbaycanlıların problemləri

Cənubi azərbaycanlıların problemləri

Bu gün Bakıda Uluslararası Güney Azərbaycan Konseyi (UGAK) "Güney Azərbaycan gerçəkləri və UGAK-ın hədəfləri" mövzu­sunda forum keçirilib. SİA-nın xəbərinə görə, forumda alimlər, millət vəkilləri, tanınmış ziyalılar, müxtəlif partiya və QHT nümayəndələri, səfirliklərin əməkdaşları və KİV nümayəndələri­ iştirak edib­lər. Toplantını açan Mər­dan Seyidbəyli forumun gündəliyi, Firudin Cəli­lov isə şura haqqında qısa məlumatlar verəndən sonra mövzu ətra­­fında məruzə və çıxışlar olub. Xarici ölkələrdə yaşayan cənublu şura üzvləri də virtual olaraq (skayp vasitəsilə) toplan­tıya qatıldılar.

Son illərdə Güney Azərbaycanda baş verən siyasi, ekoloji olayları, milli fəalların zindanlara salınması və milli azadlıq ovqatının yüksəlməsini sərgiləyən videoçarx və tutulanların şəkilləri də forum iştirakçılarına nümayiş etdirilib. Forumda məruzə və çıxış edənlər Güney Azərbaycanın iki əsr boyunca yaşadığı olaylar nəticəsində düşdüyü sosial-iqtisadi və siyası durum üzərində dayanıblar. Natiqlər İran adlanan ölkədə sayı 35 milyon olan Azərbaycan türklərinin öncə şah, sonra da dini pərdə altında hakimiyyətə gələn şovinist fars rejimi tərəfindən milli və insani haq­larını əllərindən alınması, ana dilində təhsilə yasaq qoyulması, yer adlarının farslaşdırılması kimi gerçəkliklər haqqında danışıblar. Onlar Urmiya gölünün qurudulması nəticəsində yaranacaq ekoloji fəlakət barədə söhbər açıblar.

Forumda qeyd olunub ki, Güney Azərbaycan türklərinin belə acınacaqlı durumu həmişə dünya mediasının diqqətindən kənarda qalıb. Ancaq bu da vurğulanıb ki, son zamanlarda Azərbaycan türklərinin ikiyə bölünmüş xalq kimi önəmli qurumlarda gündəmə gəlməsi bir şansdır və bundan yararlana bilmək üçün bu yöndə təbliğatı gücləndirmək lazımdır.

Toplantının sonunda forum adından bəyanat qəbul olunub.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə