Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Azərbaycan Gənclər Fondunun və Azərbacan-Amerika Gəncləri İctimai Birliyinin təşkilati dəstəyilə "Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu" mövzusunda Beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov, SAM-ın direktoru Fərhad Məmmədov, ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin Rəhbərinin müavini Adam Sterlinq, Azərbacan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov, SAM-ın direktor müavini Gülşən Paşayeva, Qlobal Təhsil Mərkəzinin direktoru James Coyle, Avropa Tədqiqatlar Mərkəzinin rəhbəri Çağrı Erhan və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə çıxış edən Elnur Aslanov artıq müəyyən müddətdir ki, Azərbaycanda yüksək səviyyəli tədbirlərin keçirildiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı bəyan edib ki, ABŞ və Azərbaycan arasında olan bağlar dərin, mühüm və davamlıdır: "İllər ərzində ölkəmizə səfər edən ABŞ rəsmiləri tez-tez deyirlər ki, ABŞ-ın Azərbaycanda üç əsas marağı var: enerji layihələrində əməkdaşlıq, təhlükəsizlik məsələləri və siyasi-iqtisadi islahatlar. Həqiqətən də bunlar önəmli məsələlərdir və bizim ölkələrimiz bu sahələrdə bir çox nailiyyətlər əldə ediblər. Bizim amerikalı dostlarımızın dəstəyi olmasaydı, regional enerji layihələrinin həyata keçirilməsi mümkün olmazdı. Azərbaycanın dəstəyi olmasaydı, ABŞ tərəfindən aparılan qlobal terrorizmə və radikalizmə qarşı mübarizə indiki kimi olmazdı. Lakin biz Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən münaqişənin həllində ABŞ-ın daha fəal rolunu görmək istərdik".
Elnur Aslanov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ABŞ-ın köməyinə ehtiyacı var. ABŞ-ın enerji ehtiyatları və coğrafiyasına görə, Azərbaycanda güclü iqtisadi və strateji maraqları var.
Adam Sterlinq çıxışında bildirib ki, Azərbaycanla ABŞ arasındakı əlaqələr 20 ildir ki, yaranıb və inkişaf etməkdədir.
"Azərbayacan ABŞ-la bir çox sahələrdə əməkdaşlıq edib. ABŞ-ın Əfqanıstanda sülh yaratmaq səylərinə yardım edən Azərbaycan regionda tranzit koridoru rolunu oynayıb. Bizim əməkdaşlığımız və tərəfdaşlığımız gələcəkdə daha da önəmli səviyyəyə çatacaq",-deyə o əlavə edib.
Fərhad Məmmədov bildirib ki, Azərbaycan ABŞ-ın enerji təhlükəsizliyini də təmin edir. Onun sözlərinə görə, Azərbaycan Ümumilikdə regional təhlükəsizliyin yaranması üçün çalışır: "Bunun qarşılığında isə Azərbaycan ümid edir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həllini sürətləndirəcək və işğalçılıq siyasətinə son veriləcək. Ermənistan hazırda kompromis mövqe nümayiş etdirir. Biz isə problemin sülh yolu ilə həllinin tərəfdarıyıq. İndi regionda qeyri-sabit vəziyyət hökm sürür. Bunun səbəbi isə Qarabağ probleminin həll olunmamasıdır. Fikrimizcə ABŞ problemin həlli üçün heç bir addım atmır. Biz ABŞ-dan və Minsk qrupundan bu məsələnin həllində fəallıq gözləyirik".
Tədbirdə Suriya, Əfqanıstan və İsraildəki qlobal problemlərin həlli istiqamətində fikirlər səsləndirilib, müzaqkirələr aparılıb. Tədbirin 2-ci hissəsində isə "Ümumi regional məsələlər" və "Dağlıq Qarabağ məsələsinin həlli yolları" mövzularında panellər təşkil onunub, fikirlər səsləndirilib və müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB