Dönər alərkən ehtiyatlı olun! ARAŞDIRMA

Dönər alərkən ehtiyatlı olun! ARAŞDIRMA

Dönər xərçəng xəstəliyinin yaranmasına səbəb olur....

Türk mətbəxinin sevimli təamı olan dönər Bakıda çoxlarının seçimidir. Bəziləri ümumiyyətlə dönərdən iyrənir, bəziləri isə ac olduqda seçim olaraq dönərə üstünlük verirlər. Yediyimiz ayaqüstü yeməklərin keyfiyyətindən xəbərdarıqmı? Hətta belə bir deyim də var: "Qarın başa bəladır". Ancaq onu da etiraf edək ki, bizləri yaşadan yeməkdir. Bir şərtlə ki, o, gərək sağlamlığa da ziyan vurmasın. Bakı sakinlərinin, ən çox da tələbələrin, səyyar satıcıların, azgəlirli işlərdə çalışanların gündəlik qidasına daxil olan ucuz yeməklərdən biri də dönərdir. Elə bir çox ofislərdə, şirkətlərdə işləyənlər də bu cür yeməkləri sifariş edirlər. Ancaq burası faktdır ki, alovda bişirilən dönərdə toksiki maddələr əmələ gəlir ki, bu da gələcəkdə bir sıra xəstəliklərə yol açır, hətta xərçəng xəstəliyinin də yaranmasına səbəb olur.

Yay aylarında dönərxanalardan dönər alıb yemək bir sıra fəsadlara yol aça bilər....

Lakin narahatlıq yalnız ətin açıq saxlanılması və yaxşı bişirilməməsi ilə bitmir, çox vaxt dönərin hansı ətdən hazırlanması da müəmmalı olaraq qalır. Çoxları bu ayaqüstü yeməyin gigiyenik normalara cavab verib-verməməsinin fərqində deyil. Xüsusilə isti yay aylarında dönərxanalardan dönər alıb yemək bir sıra fəsadlara yol aça bilər. Buna baxmayaraq, əhali bu alışqanlığından yan keçmir. Xüsusən də yayda dönərdən zəhərlənmə halları tez-tez baş verir.

Bütün bunları nəzərə alan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin oktyabrın 15-dən "Dönər-kabab. Ümumi texniki şərtlər" standartı qüvvəyə minib. Komitənin ərzaq məhsullarının keyfiyyətinə nəzarət şöbəsinin müdiri Mənsim Babayev adıçəkilən standarta uyğun olan normaları açıqlayıb. Onun sözlərinə görə, dönər istehsalı sahəsində çiy dönər üçün müvafiq standartlar isə 2003-cü ildən qəbul olunub: "Bunun tətbiqi isə respublikada dönər istehsalı olmadığı üçün bir müddət istifadə olunmayıb. Çiy dönər tamamilə başqa bir standartdır. Geniş texnologiyaya uyğun olaraq istehsal olunmalıdır. Təbii ki, növləri, yağlılığı, istifadə olunan ətin çeşidlərindən asılı olaraq müxtəlif növlərdədir".

Alıcı istifadə olunan ətin nədən hazırlandığını bilməlidir...

"Dönər satışı ilə məşğul olan ticarət şəbəkəsi bu dönər məmulatını özü fərdi şəkildə müəssisəsində yox, xüsusi texnologiya ilə hazırlanan rulonda bağlı şəkildə istifadə etməlidir. Digər tərəfdən onun artıq bişirilməsi, porsiya şəklində satılması üçün yeni dönər kababı standartı mövcuddur. Bu standart porsiya şəklində satılan dönər üçün müvafiq reseptura hazırlanmasını əhatə edir. Resepturada istifadə olunan dönərin mal, qoyun və ya hind toyuğundan hazırlanması öz əksini tapmalıdır. Bununla yanaşı, porsiya şəklində satılan dönərin tərkibindəki ətin miqdarı da bildirilməlidir. Bu göstərici də 80-150 qram arasında dəyişə bilər. Bu sırf istehlakçı ilə istehsalçı arasında təkliflə tənzimlənməlidir. Dönərin qarnirlə yaxud çörək arasında satılması resepturada öz əksini tapmalıdır",- deyə o əlavə edib.

Alıcı dönəri alarkən onu bir saat ərzində istifadə etməlidir....

Şöbə müdiri onu da vurğulayıb ki, standarta əsasən, dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır: "Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnirlə olduqda resepturada qeyd edilən çəkinin 50%-ni təşkil etməlidir. Dönərin hazırlanması üçün istifadə edilən, tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanmalıdır. Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 65 dərəcədən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır. Müvafiq enerji dəyərləri, istehsal tarixi bunlar normativ sənəddə öz əksini tapmalıdır. Dönər satılan zaman, çörək arasında süfrəyə verilərkən onun temperaturu 65 dərəcədən az olmamalıdır. Eyni zamanda alıcı dönəri alarkən onu bir saat ərzində istifadə etməlidir. Əks təqdirdə bu zəhərlənməyə gətirib çıxara bilər. Bu dəqiqə özbaşınalıq mövcuddur. Hər kəsin xususi texnologiyası var".

Fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər 4000-5000 manat məbləğində cərimələnəcək....

Onun sözlərinə görə, maarifləndirmə işləri bitdikdən sonra inzibati tədbirlər həyata keçiriləcək. Yəni komitə yanında Dövlət Nəzarəti Xidməti reydlərə başlayacaq. Aşkar olunacaq nöqsanlarla bağlı dönər istehsalçılarına ciddi cəza tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər 4000-5000 manat məbləğində cərimələnəcək. Nəzarət xidməti müfəttişlərinin aşkar etdikləri nöqsanlarla bağlı heç bir güzəş olunmayacaq. İstehsalçılardan məsuliyyət tələb olunur. Çünki dönər-kababı hər yaş qrupundakı insanlar alır. Məhz buna görə də dönər-kababın istehsalına çox ciddi nəzarət planlaşdırılır.

Şəhərimizdə dönər satılan obyektlərin sayı müvafiq hesablamalarla 15 minə yaxındır....

Türkiyədə irihəcmli fabrik və zavodlar var ki, onlar sırf dönər istehsalı ilə məşğul olur.....

M. Babayev şəhərimizdə fəaliyyət göstərən dönər satılan obyektlərinin sayının müvafiq hesablamalarla 15 minə yaxın olduğunu deyib. O, həmçinin bu sahədə peşəkar kadrların yetişdirilməsi üçün kursların təşkil edilməsinin tərəfdarı olduğunu bildirdi. Baxmayaraq ki, kadr hazırlığı məsələsi bizim sahə deyil. Təbii ki, hansısa bir satışı həyata keçirərkən müvafiq kurslar keçirilməlidir. Türkiyədə irihəcmli fabrik və zavodlar var ki, onlar sırf dönər istehsalı ilə məşğul olur. Bunu bütün Avropaya ixrac edirlər. Təbii ki, respublikada da bunun idxalını həyata keçirənlər var. Bu şəkildə kimsə dönər satırsa, mütləq müvafiq qaydada sertifikatı olan hazır məhsul alıb, onun satışını həyata keçirsin.

Standartların qəbul edilməsi dönərlərin satışında qiymət artımına səbəb olmayacaq....

Standartların qəbul edilməsi dönərlərin satışında qiymət artımına səbəb olacaq sualına isə qurum rəsmisi belə cavab verdi: "Yəqin ki, ciddi təsir etməz. Çünki, dönər istehsalı ilə məşğul olanlar bunu hesablayacaqlar. Onu qeyd edim ki, ümumiyyətlə dondurulmuş ətdən dönər istehsal olunması qadağandır. Dönər mütləq təzə və soyudulmuş ətdən hazırlanmalıdır. Təbii ki, dönər normalara riayət olunmadan istehsal olunubsa, onun qiyməti yəqin ki, kifayət qədər ucuzdur. Ancaq bu normalara uyğun aparılacaqsa, hardasa bunun qiymətinə təsir edə bilər.

Dönərxanaların sayının çox olması məsələnin həllini bir qədər uzadır....

M. Babayev sonda onu da dedi ki, bu məsələnin nə zamana kimi öz həllini tapacağı isə hələlik məlum deyil: "Dönərxanaların sayının çox olması məsələnin həllini bir qədər uzadır. Bir ay ərzində bu məsələ həll olunacaq desək yalan olar. Müvafiq qrup yaradılacaqsa, mütəmadi işlər gedəcək. Bu problem birdən-birə həll oluna bilməz. Təbii ki, buna uzun zaman lazımdır".

Standartlara riayət olunub- olunmamasını araşdırmaq istədik, lakin sahibkarlar suala cavab verməkdən imtina etdilər. İnanaq ki, bundan sonra sahibkarlar qəbul olunan standartlara uyğun addım ataraq insanların həyatını riskə atmazlar. Axı onların çörək pulu qazandıqları iş bizim cibimizdəkilərin hesabına fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə