Bu dəfə kişilər yemək bişirmək məharətlərini nümayiş etdiriblər
“Ən yaxşi aşpaz”

Bərdədə OKSFAM Beynəlxalq Təşkilatı kişilər arasında "Ən yaxşi aşpaz" müsabiqəsi təşkil edib. Təşkilatın Azərbaycan kişiləri arasında apardığı sorğuda məlum olub ki, onların böyük əksəriyyəti həyat yoldaşları xəstə olsa belə, qətiyyən xörək bişirmirlər.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yarışmanın keçirilməsində məqsəd, cəmiyyətdə olan kişi və qadın rolu barədə yerli icmaların fikirlərini müsbət mənada dəyişməkdir. Yarışmada kişi aşpazlar Azərbaycan milli mətbəxindən cürbəcür təamlar hazırlamaqda yarışıblar. Yarışmanın münsiflər heyəti qadınlardan ibarət olub. Bu dəfə qadınlar kişilərin bişirdiyi yeməklərə qiymət veriblər.

Qeyd edək ki, tədbir 16 oktyabr Dünya Ərzaq Günü münasibətilə, həmçinin OKSFAM təşkilatının GROW- yəni Becərmə Həftəsi çərçivəsində keçirilib. Becərmə kampaniyasının əsas şüarı isə "Ərzaq ədalətli bölüşdürülməlidir!" Qeyd edək ki, OKSFAM təşkilatının Azərbaycanda əsas fəaliyyətləri arasında kənd təsərrüfatına, xüsusilə kiçik fermerlər və işgüzar qadınlara dəstək verməkdir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə