Araz YAĞUBOV
Əbədi müstəqillik

Bu gün xalqımızın XX əsrdə ikinci dəfə müstəqillik qazanmasının 21 ili tamam olur. 1991-ci ilin 18 oktyabr tarixində Ali Sovet Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməklə XX əsrdə ikinci dəfə müstəqillik qazandıq. Artıq hər il oktyabr ayının 18-i xalqımız və dövlətimiz tərəfindən rəsmi şəkildə Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir.

Ötən 21 il ərzində Azərbaycan xalqı və dövləti olduqca çətin, keşməkeşli, lakin şərəfli bir inkişaf, tərəqqi yolu keçib. Müstəqilliyinin ilk günlərindən etibarən təcavüzkar Ermənistanın açıq işğalçılıq siyasətinə məruz qalan Azərbaycan nəticədə, 1991-93-cü illər ərzində 20 faiz torpaqlarını itirib, 1 milyona yaxın insan öz doğma yurd-yuvasından didərgin düşüb. Aparılan danışıqlar prosesinə, beynəlxalq təşkilatların səyinə baxmayaraq təcavüzkar Ermənistan tutduğu qeyri-konstuktiv mövqeyi üzündən münaqişə hələ də öz ədalətli həllinin tapmayıb.

Müstəqillik bizə heç də asan başa gəlməyib. O vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi nəticəsində ölkədə xaos və anarxiya baş alıb gedir, Azərbaycan parçalanma həddinə gəlib çatmışdı. Belə bir ağır zamanda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev XX əsrdə ikinci dəfə müstəqillik qazanan ölkəmizi parçalanmaq təhlükəsindən qurtardı. Ulu öndərin uzaqgörən siyasəti tezliklə öz bəhrəsini verdi. Separatizm meylləri aradan qaldırıldı. Ölkənin siyasi və iqtisadi cəhətdən qüdrətlənməsi üçün ardıcıl tədbirlər həyata keçirildi. Ölkənin iqtisadi inkişafının təməli qoyulmağa başlandı.

1994-cü ilin sentyabr ayının 20-da Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində imzalanan "Əsrin müqaviləsi" sayəsində Azərbaycan uğurlu neft strategiyasına start verib. Eyni zamanda, bu siyasətin nəticəsi olaraq "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi-Ərzurum-Qars"qaz kəməri istifadəyə verilib.

Ümummlli lider kənd təsərrüfatına da böyük diqqət verirdi. MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda radikal torpaq islahatları həyata keçirildi. Torpaq əvəzsiz olaraq onu əkib-becərəninə verildi. Kəndlərdə fermer təsərrüfatları yaradıldı. Bu səbəbdən ölkədə heyvandarlıq, taxıl və digər kənd təsərrüfaı məhsulları istehsalı dəfələrlə artdı. Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi və iqtisadi kurs hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində çox vacib addımlar atılır. Regionların sosial-iqtisadi inkişfı ilə bağlı qəbul edilən proqramlar uğurla həyata keçirilir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkədə 900 mindən artıq yeni iş yerləri açılıb.

Qeyd etməliyəm ki, bu inkişaf yaşadığım Lənkəran rayonundan da yan ötməyib. Bu gün Lənkəran böyük tikinti meydançasına bənzəyir. Hər tərəfdə geniş abadlıq-quruculuq işləri gedir. Rəhbərlik etdiyim kəndli-fermer təsərrüfatı çay plantasiyalarını ilbəil genişləndirir. Həmçinin heyvandarlıq, kartofçuluq, tərəvəzçilik və digər sahələri inkişaf etdirir.

Əldə etdiyimiz nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi inkişafı nəticəsində mümkün olub. Bu inkişafın, dövlət müstəqilliyimizin qarantı isə Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı cənab İlham Əliyevdir. Bu isə, bizə ölkənin daha da inkişaf edib dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutacağına güclü inam hissi yaradır.

Müstəqilliyimizi qeyd etdiyimiz bu gündə öz adımdan, rəhbərlik etdiyim "Yaşıl çay" kənd təsərrüfatı və eyni adlı jurnalın kollektivi adından ölkə rəhbərliyini, hər bir azərbaycanlını bu əlamətdar gün münasibətilə təbrik edir, ölkəmizin uğurlu inkişafı naminə hamıya uğurlar arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə