"Azərbaycan teleməkanında Azərbaycan ədəbi dilinə riayət olunması ilə bağlı bir sıra qaydalara baxmayaraq, bu sahədə xeyli problemlər qalmaqdadır". SİA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli qeyd edib ki, problemlərlə bağlı telekanallara Şura tərəfindən iradlar bildirilib. Bu məsələdə telekanallara bəzən güzəştlər edilib. Buna baxmayaraq, qüsurlar hələ də aradan qaldırılmayıb: "Ancaq güzəştlərin də bir çərçivəsi var" -deyən N.Məhərrəmli telekanllara dəvət edilən bəzi mütəxəssislərin də Azərbaycan dilində səlis danışmadıqlarını qeyd edib. O bildirib ki, telekanallar dəvət etdikləri mütəxəssilərin fikirlərini ya tərcümə etməli, ya da danışığı tərcümə olunmuş şəkildə titrlarda verməlidirlər.
N.Məhərrəmli ədəbi dilin pozulması ilə bağlı halların onları narahat etdiyini qeyd edib: "Azərbaycanın müstəqilliyindən 20 il keçməsinə baxmayaraq, dilimizin qorunmasında hələ də problemlər var. Dövlət qurumlarında çalışan bəzi dövlət qulluqçuları, ziyalılar hələ də ana dilində düşünüb danışa bilmirlər".
Onun sözlərinə görə, Azərbaycan dilini ilk növbədə ziyalılar, dövlət qulluqçuları, ictimai xadimlər inkişaf etdirməli və qorumalıdırlar: "Əgər ziyalılar ana dilində danışa bilmirsə digərlərindən nə gözləyək? Birinci növbədə onlar cəmiyyətə nümunə olmalıdırlar. Başa düşmək olmur ki, Azərbaycanda yaşayıb ana dilimizi necə bilməmək olar?".
N.Məhərrəmli həmçinin vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri ana dilimizi öyrənirlər. Ancaq bəzi ziyalılar hələ də Azərbaycan dilində yaxşı danışa bilmirlər.
Şura sədri bildirib ki, qüsurların aradan qaldırılmasında bütün məsuliyyət televiziya kanallarının rəhbərlərinin üzərindədir: "Bir az populyarlıq qazananları şou verlişlərə dəvət edib dilimizi korlamasınlar. Biz bu problemin aradan qaldırılması üçün səlahiyyətimiz çərçivəsində işimizi aparacağıq. Ümidvaram ki, televiziya kanalları da bu iradlardan nəticə çıxaracaqlar".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB