Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2012-ci ilin avqust-sentyabr aylarında monitorinqlər aparılıb. SİA-nın verdiyi xəbərə görə, bu gün MTRŞ-da keçirilən tədbirdə monitorinqin nəticələri açıqlanıb. Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, monitorinq əsasən ANS, ATV, LİDER, SPACE TV, XƏZƏR TV kanallarında aparılıb. Bu müşahidələr əsasən 3 sahəni əhatə edib:
1) Fonetik səhvlər - orfoqrafik, orfoepik qaydaların pozulması, vurğuların düzgün qoyulmaması və müxtəlif ləhcələrin istifadəsinə fikir verilib.
2) Qrammatik səhvlər - cümlələrdə söz sırasının, qrammatik qaydaların pozulması halları qeydə alınıb.
3) Leksikoloji səhvlər - daha çox xarici sözlərin işlənməsi halları qeydə alınıb.
Xüsusilə qeyd etmək lazımdır ki, aparılan monitorinq zamanı, informasiya verlişlərinin, musiqili-əyləncəli verlişlərin, şou, tok-şou və dublyajlar izlənilmiş və səhvlər qeydə alınıb.
İlk olaraq Xəzər televiziyasının "Xəbərlər İnformasiya Proqramı"nın yayımı zamanı kifayət qədər orfoqrafik səhvlər aşkar edildiyini deyən, şura sədri bildirib ki, bunların bəziləri texniki səhvlərdi: "Lakin bəzi səhvlər televiziyada Azərbaycan dilinin orfoqrafik qaydalarına riayət edilməməsi barədə təssürat yaradır. Ən çox durğu işarələrinin düzgün qoyulmaması ( defis, vergül və s. ), sözlərin düzgün yazılmaması hallarına rast gəlinir".
Nuşirəvan Məhərrəmli eyni zamanda bildirib ki, Lider TV Xəbərlər - informasiya verlişlərinin dili demək olar ki, qənaətbəxş hesab edilə bilər: "Amma şou verlişlərinin və əyləncə proqramlarının dili heç də ürəkaçan deyil. Aparıcılar öz russayağı tələffüzləri və çoxlu miqdarda xarici, xüsusilə rus sözlərinin istifadəsi ilə diqqət çəkir".
Leksik normaların pozulmasına gəlincə, isə o, vurğulayıb ki, bu hal daha çox əyləncə və şou xarakterli verilişlərdə baş verir: "Bu verilişlərdə leksik normalar kobud şəkildə pozulur, loru danışıq dili, əcnəbi sözlər aparıcılar tərəfindən geninə-boluna istifadə edilir. Ən maraqlısı da budur ki, aparıcılar belə danışıq tərzinin nitqə rəngarənglik gətirdiyini düşünürlər".
"Bu telekanalın aparıcıları dilimizin normalarına kifayət qədər riayət etsələr də, bəzi istisnalar olur". Şura sədri bu sözləri Space TV televiziyasına ünvanlayıb. N.Məhərrəmli xüsusilə qeyd edib ki, bu istisnalar da əsasən fonetik, qrammatik və əlbəttə ki, leksik normaların pozulması ilə özünü göstərir: "İlk olaraq, orfoqrafik və fonetik qaydaların necə pozulduğuna diqqət edək. Qeyd etmək lazımdır ki, burada sözlərin xüsusi ləhcə ilə deyilməsinə daha çox rast gəlinir. Bu zaman çox sayda burun səslərinin, sözlərin başqa cür tələffüzü, səs düşümü və rus dilində işlənməsi halları baş verir".
"ANS telekanalı aparıcılarının fərqli danışıq tərzi ilə seçilir. Diqqət etdiyimiz məqam daima rus ləhcəsi və müxtəlif bölgələrin ləhcələrindən istifadə edilməsidir. Düzdür, informasiya verilişlərinin dili qənaətbəxş olsa da, diqqət ediləsi məqamlar da var", - deyə şura sədri sözlərinə əlavə edib.
Azad Azərbaycan televiziyasına gəlincə isə N.Məhərrəmli qeyd edib ki, bu kanalın informasiya verilişlərinin aparıcılarının dili qənaətbəxşdir: "Sözlər düzgün tələffüz olunur, xarici sözlər işlənmir, cümlələr aydın və düzgündür. Lakin əyləncə verilişlərinin aparıcıları öz rus və türk ləhcələri ilə, bol-bol xaici sözlər işlətməkləri ilə seçilir".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB