Sebiya İzetbeqoviç Beynəlxalq Muğam Mərkəzində olub

Sebiya İzetbeqoviç Beynəlxalq Muğam Mərkəzində olub

Bu gün Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin xanımı Sebiya İzetbeqoviç Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub.

Qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəz Azərbaycanın birinci xanımı, Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.

2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzinin binası Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur. Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.

Diqqətə çatdırılmışdır ki, 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub.

Qeyd edilib ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Xanım Sebiya İzetbeqoviç gənc muğam ifaçıları Aytən Məhərrəmova və Elnur Zeynalovun ifasında "Çahargah" və "Şur" muğamını, "Qarabağ" mahnısını dinləyib.

Azərbaycan muğamlarından xüsusi zövq alan qonaq ifaçılarla görüşmüş və onlara uğurlar arzulayıb.

Qonağa Heydər Əliyev Fondu tərəfindən hazırlanmış musiqi albomu hədiyyə edilib.

Xanım Sebiya İzetbeqoviç Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə