Şadlıq saraylarında vəziyyət gərgindir

Şadlıq saraylarında vəziyyət gərgindir

"Bu günə kimi 600-ə yaxın müəssisədə yoxlanış həyata keçirilib. Bu müəssisələrin 443-də ciddi nöqsanlar aşkar edilib. 100-dən çox müəssisəyə 164 min manat inzibati cəza tətbiq olunub. Onlardan 50 mindən çoxu dövlət büdcəsinə yatırılıb". SİA-nın xəbərinə görə, bunu Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov deyib.

Onun sözlərinə görə, 323 yeyinti müəssisəsində yoxlama aparılıb: "Reydlər zamanı məlum olub ki, 108 çörək, 52 alkoqolsuz içki, 25 süd və 25 ət məhsulları müəssisələrində qanun pozuntusu olub".

Eyni zamanda 182 sahibkarlıq subyektində inzibati xəta aşkar olunduğundan protokol tərtib edilərək inzibati qaydada cərimə tətbiq edilib.

Ə.İmanov həmçinin bildirib ki, ictimai iaşə obyektlərində aparılan yoxlamalar zamanı bir neçə şadlıq saraylarında ("Tərlan", "Bahar", "Arzu", "Nülufər", "Golden Ring") işçilər tərəfindən sanitar-gigyenik qaydalarına əməl edilmədiyi aşkarlanıb: "Yeni əlcəklərdən, xalatlardan, ağız üçün maskalardan və papaqlardan istifadə edilmədiyi, hazırlanan salatların mikrobioloji göstəricilərinə görə standartın tələblərinə cavab vermədiyi məlum olub".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə