Bu gün Bakı şəhərində MDB üzv ölkələrinin İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökümətlərarası Şurasının XXXIV iclası keçirilir. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib ki, 21 illik müstəqillik tarixində Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlə gedib. Onun sözlərinə görə, Azərbaycan şəhərlərinin simasının yaxşılaşdırılması, rayon və qəsəbələrdə abadlıq işlərinin aparılması adi hala çevrilib: "Bu illər ərzində ümumi sahəsi 24 mln.kv. m olan yaşayış evi, 393 min şagird yerlik məktəb, 7 mindən artıq çarpayılıq xəstəxana tikilərək istifadəyə verilib. Son 5 il əzrində dünya stanrtlarına cavab verən 30-dan artıq idmanobyekti və qurğuları tikilərək istifadəyə verilib, 9 obyekt isə hazırda tikilməkdədir. Böyük Bakının uzunmüddətli regional inkişaf planına uyğun olaraq Bakının metropoliten şəbəkəsi 5 xətdən ibarət olacaq.
Komitə sədri "Böyük Bakının inkişaf planı" barədə də geniş məlumat verib. O bildirib ki, bu plan həyata keçiriləndən sonra şəhərin yol-küçə şəbəkəsi yüz kilometrlərlə böyüyəcək, çirklənmiş göllərin sayı kəskin şəkildə azalacaq, şəhərin çirklənmiş ərazisi kiçiləcək.
"2030-cu ilədək paytaxtda adambaşına düşən yaşayış sahəsinin hazırkı 17 kvadrat metrdən 25 kvadrat metrə çatdırılmasını nəzərdə tutulur. Plana görə, 2030-cu ilədək paytaxtda yaşayış sahəsi 30 milyon kvadrat metrədək artacaq və 65 milyon kvadrat metrə çatacaq. Bu dövrdə şəhər əhalisi 3,325 milyon nəfərədək çoxalacaq. Bu və digər məsələrin hər biri noyabrda keçiriləcək "Böyük Bakının inkişaf planı" üzrə ictimai dinləmələr zamanı müzakirə olunacaq", - deyə o əlavə edib.
İclasda MDB üzv ölkələrində şəhərsalma, tikinti, memarlıq və kommunal-təsərrüfat sahəsində mövcud problemlər və onların həlli yolları müzakirə edilib. Tədbir çərçivəsində Azərbaycanın bir neçə memarı MDB üzv ölkələrinin İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökümətlərarası Şurasının fəxri fərmanı ilə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB