Misir Mədəniyyət Mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin yeni təyin olunmuş rəhbəri Mustafa Moavad Əbdül-Tavab Əbu-Ziəd bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. SİA-nın məlumatına görə, Misir Mədəniyyət mərkəzinin rəhbəri ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüb.
Qonağı salamlayan Gövhər Baxşəliyeva ona Şərqşünaslıq İnstitutu haqqında ətraflı məlumat verib. İnstitutda 11 şöbənin fəaliyyət göstərdiyini deyən G.Baxşəliyeva, ərəbşünaslıq sahəsində aparılan tədqiqatlar barədə daha geniş danışıb. G.Baxşəliyeva institutda ümumilikdə 45 ərəbşünas alimin çalışdığını bildirib, "Ərəb filologiyası", "Ərəb ölkələri tarixi və iqtisadiyyatı" şöbələrində aparılan tədqiqatlardan, eləcə də "Din və ictimai fikir tarixi" və "Yazılı abidələrin tədqiqi və nəşri" şöbələrində ərəbşünaslıq sahəsində görülən işlərdən söz açıb.
Mustafa Moavad Əbdül-Tavab Əbu-Ziəd ölkəsinin elm-təhsil müəssisələri ilə Şərqşünaslıq İnstitutu arasında əlaqələrin yaradılması və genişlənməsində maraqlı olduğunu söyləyərək, bu işdə rəhbərlik etdiyi mərkəzin hərtərəfli köməklik göstərməyə hazır olduğunu deyib. Görüşdə azərbaycanlı alimlərin Misirə 3 aylıq kurslara göndərilməsi, Qahirə və digər Misir şəhərlərinin ali məktəbləri ilə əlaqələrin qurulması, birgə konfransların təşkili, şərqşünas alimlərin bu ölkənin kitabxanalarından istifadə etməsi, alimlərimizin elmi əsərlərinin ərəb dilinə tərcümə olunaraq, Misirdə və digər ərəb ölkələrində yayılmasının perspektivləri müzakirə olunub.
Daha sonra Mustafa Moavad Əbdül-Tavab Əbu-Ziəd Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüb. Misirli diplomat bu görüşdə də Şərqşünaslıq İnstitutu ilə Misirin elm-təhsil müəssisələri arasında əlaqələrin qurulması perspektivlərindən söz açıb. Görüşdə çıxış edən Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfər, eləcə də, institut əməkdaşlarından filologiya üzrə fəlsəfə doktorları Laura Orucova, Əmir Qasımlı, Coşqun Zəki, coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Abbasov, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov, həmçinin Cabir İsgəndərli, Pərvin Əfəndiyeva və başqaları çıxış edərək, institutda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə