"Dövlət və dil. Reallıq, perspektivlər"

"Dövlət və dil. Reallıq, perspektivlər"

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "Dövlət və dil. Reallıq, perspektivlər" mövzusunda dəyirmi masa keçirib. Tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov, millət vəkili Fazil Mustafa, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, SAM-ın direktor müavini Gülşən Paşayeva, Azərbaycan Pedoqoji Universitetinin dekanı Buludxan Xəlilov, Milli Tele Radio Şurasının üzvü Qafar Cəbiyev, AMEA, Dilçilik İnstitutunun şöbə müdiri Qəzənfər Kazımov, dilçi alimlər və media nümayəndələri iştirak ediblər.

Fərhad Məmmədov dil haqqında qəbul olunan qanunların və Cənab Prezidentin müvafiq sərəncamlarının həyata keçirilməsi üçün müzakirələrin aparılacağını bildirib: "Müstəqillik dövründə dilin inkişafı "Yeni Azərbaycan" ideologiyasının dilimizə verdiyi qiymətin göstəricisidir. Müəyyən dövrlərdə dil haqqında müxtəlif fikirlər səsləndirilib. XX əsrihn əvvəllərində Azərbaycan ziyalıları ərazidə yaşayan toplumun məhz dil üzərində birləşməsinin önəmliliyini vurğulayıblar. Bu gün də dilin inkişafına dair bir sıra qanunlar qəbul edilir. Tədbirdə səslənən fikirlərdən və müzakirə olunan mövzulardan çıxarılan nəticələr Prezident Adminstrasiyasına təklif şəklində təqdim olunacaq".

Gülşən Paşayeva dövlətin apardığı dil siyasətinin ölkədə mühüm yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, istənilən cəmiyyətdə dilin vəziyyəti həmin ölkədə danışılan dilin səviyyəsilə ölçülür. "Dil siyasətinin əsas istiqamətlərindən biri cəmiyyətin rəsmi dildən istifadəsi üçün ictimai şəraitin yaradılmasıdır. Rəsmi dilin dövlət səviyyəli və digər ictimai görüşlərdə də istifadə olunması mütləqdir. Azərbaycan bu gün inkişaf mərhələsindədir. Dilə önəm verilməzsə bu inkişafa böyük zərbə vurulmuş olar"-deyə o əlavə edib.

Daha sonra "Müasir dövrdə dövlət dili problemi", "Mətbuatda dövlət dilinin işlədilməsi. Problemlər və vəzifələr", "Tarixi Azərbaycan əraziləri və dövlət dili" və digər mövzular üzrə fikirlər səsləndirilib, müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə